Yevlaxda doğulub Gəncə haqda oxuyan müğənni

Yevlaxda doğulub Gəncə haqda oxuyan müğənni

Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva 4 illik fasilədən sonra yeni klip çəkdirib. SİA-nın məlumatına görə, müğənni sözləri Rəsul Rzaya, musiqisi Telman Hacıyevə aid olan "Gəncəm" adlı mahnıya çəkdirdiyi klipin təqdimat mərasimini keçirib. Sözügedən mahnı tanınmış müğənni xalq artisti Elmira Rəhimovanın ifasında milyonların sevgisini qazanıb. Bu səbəbdən o cür ifadan sonra Gülüstan xanımın dillər əzbəri olan bu mahnıya müraciət etməsi təqdirəlayiqdir.

Təqdimat mərasimində çıxış edən müğənni klip haqda məlumat verib. O, bildirib ki, klip ona hədiyyə olunub: "Özüm Yevlax şəhərində doğulsam da, Gəncəyə adi mahnı ifa etdim və bu gün də həmin klipi sizlərə təqdim edirəm. Klip mənə hədiyyə olaraq çəkilib. "El" və "Kəpəz" televiziyasının dəstəyi ilə bu klip ərsəyə gəlib. Gəncədə çəkildiyinə görə, klipin ilk təqdimat mərasimini də məhz həmin şəhərdə etməyi özümə borc bildim".

Tarixi yerlərlə yanaşı, milli geyimlərimizin də nümayiş olunduğu klipin rejissoru Səxavət Məmmədov isə bildirdi ki, çəkilişlər Gəncənin müxtəlif məkanlarında aparılıb: "Klipdə sujet xətti yoxdur. Klip tarixi şəhərdən bəhs edən mahnıya çəkildiyinə görə, çalışdıq ki, Gəncənin tarixi abidələrini, gözəlliklərini işıqlandıraq, son dövrlərdə şəhərdə aparılan işləri, yenilikləri tamaşaçılara göstərək. Gəncənin müxtəlif gözəl məkanlarında çəkilişlər apardıq. Hətta "Göy-göl"də də çəkilişlərimiz oldu".

Təqdimat mərasimində iştirak edən sənət yoldaşları müğənniyə olan xoş sözlərini bildirib klip haqda fikirlərini bölüşdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə