Nisə Qasımova ANS-i məhkəməyə verir BİYABRÇILIQ

Nisə Qasımova ANS-i məhkəməyə verir BİYABRÇILIQ

Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Nisə Qasımova ANS Şirkətlər Qrupunu məhkəməyə verir. SİA-nın məlumatına görə, buna səbəb aparıcı Vüsalənin təqdimatında yayımlanan "Şoumən" verilişində xalq artistinin ailəsinin ünvanına səslənən təhqirlərdir.

Məsələ burasındadır ki, ANS Nisə Qasımovanın mərhum qardaşının oğlu və onun öz balası kimi böyütdüyü Fətullanı cinsi azğınlıqda ittiham edib. Araşdırma aparılmadığı, mənbə göstərilmədiyi və münasibət öyrənilmədiyi halda təhqiramiz süjetin efirə verilməsi xalq artistini özündən çıxarıb. Jurnalistləri başına toplayıb, göz yaşları tökən sənətkar ağır zərbə aldığını dilə gətirib: "Dünən ANS-də yayımlanan verilişdən sonra Mirşahin müəllimə zəng etmişəm. O, mənim telefonlarıma cavab vermir. Mən ondan soruşmaq istəyirdim ki, axı bu nə təhqirdir? Bu süjetlər efirə gedərkən yoxlanılmır? Bu nə özbaşnalıqdır? Mən, ailəm və xüsusi ilə oğlum çox təhqir olunmuşuq. O, Məşədidir, Həcidir, başlarından böyük "qələt" ediblər, onun ünvanına bu cür ifadə səsləndiriblər. Efirdə deyilib ki, "Nisə Qasımovanın övlandlığa götürdüyü 28 yaşlı Fətulla cinsi azğınlıqla məşğuldur". Öncə buna münasibət bildirim ki, mən onu oğulluğa götürməmişəm. Fətulla anadan olan gündən mənim qucağımdadır. O, mənə həm bibi həm də mama deyir. Fətulla mənim yanımda ona görə qalmır ki, mən onu oğulla götürmüşəm, o, uşaqlıqdan bilirdi ki, böyüyəcək və mənə arxa-dayaq olacaq. Özü də onun 28 yaşı yoxdur. Onun ünvanına səslənən həmin o ifadəni isə ümumiyyətlə qəbul etmirəm. Oğlum Həcidir və onun üzünə baxanda bilinir ki, o, hansı əxlaqın sahibidir".

Xalq artisti Fətullanın təhqir olunmasında özünü günahkar hesab edir: "O, hazırda çox pis vəziyyətdədir. Fətulla nə qonşuların, nə də mənim üzümə belə çıxa bilmir. Bəlkə də onun bu vəziyyətə düşməsinə səbəb mənim müğənni olmağımdır. Mənim bu günkü ağlım olsaydı, müğənni olmazdım. Mən bu günə qədər payıma düşənlə qanə olmuşam və bunun nəticəsində heç bir cavab almamışam. Heç təşəkkür də gözləməmişəm. Amma ailəmlə məni vurmaq dəşhətdir".

Nisə Qasımova baş verən hadisəni belə qoymayacaq: "Mən bu sənətdən gedəsi və Bakıdan köçəsi olsam belə, bu məsələni həll edərəm. Oğlumun haqqını alıb gedərəm. Efirdə ondan üzr istəsinlər və ya məhkəmə açılacaq. Axı mən digər müğənnilərin "tayı" deyiləm. Mən hər zaman sənətlə məşğul olmuşam. Gedib kimlərləsə sevişib, var-dövlət qazanmamışam. Mən dişimlə, dırnağımla bu yerə gəlmişəm. Özlərinin reytinqi üçün mənim ailəmi təhqir etməməli idilər. İddiaları böyük biyabrçılıqdır".

Onu da bildirək ki, Nisə xanımın jurnalistlərlə görüşünə təhqir olunan Fətulla da gəldi. O, yayılan söz-söhbətə belə münasibət bildirdi: "Mən bu sözə onların özləri kimi boş baxıram. Boş insanlardan boş söz çıxar".

Məsələ ilə bağlı daha geniş məlumat verəcəyik.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə