Özü də Qarabağla bağlı filmə çəkilir
Əhməd Şəfəq Bakıdadır

Türkiyənin tanınmış müğənnisi Əhməd Şəfəq Bakıdadır. Müğənni SİA-nın fotokameramıza gözlənilməz anda tuş gəlib. Müğənnidən gəlişinin səbəbini soruşan zaman maraqlı açıqlama eşitdik: "Mütləqdir ki, mən Bakıya hər hansı bir iş dalınca gəlim? Yəni bu şəhəri sevdiyimdən gələ bilmərəmmi? Mən Azərbaycanı çox sevirəm. Bunun üçün hər kəsdən gizli dəfələrlə gəlib-getmişəm. İnsanlar çox ürəyimə yatır. Bütövlükdə, bu ölkəni doğma vətənim kimi çox sevirəm. Bura hər hansı bir işim olmadan belə gələ bilərəm".

Daha geniş açıqlama verməkdən imtina edən müğənnin yanında gördüyümüz insanlar isə daha geniş məlumat verməkdən çəkinmədilər. Məlum oldu ki, Əhməd Şəfəq "Ya Qarabağ ya ölüm" adlı filmdə elə bu mövzu ilə bağlı mahnı oxuyacaq.

Filmin yaradıcı heyyətindən olan Bəxtiyar Qaraca görülən işlə bağlı geniş məlumat verdi: "Qarabağ mövzusunda çəkilən filmdə bu faciənin necə yaşanmasından söhbət açılacaq. Türk dünyası üçün Qarabağ nədir? Burada Türkiyədən və Azərbaycandan olan sənətçilərin ifasında Qarabağa həsr olunmuş müxtəlif mahnılar səslənəcək. Bu mövzuda səslənən şeirlərlə yanaşı maraqlı və fərqli çəkilişlər də aparılacaq. Əhməd Şəfəq "Qarabağ Şərgisi"ni ifa edəcək. Biz artıq çəkilişlər üçün Xocavənd rayonuna yola düşürük. Bu ərazi ilə bağlı maraqlı tarixlər üzə çıxır. Hazırda o ərazi erməni ilə sərhəddədir, təmas xəttinə çox yaxındır. Bizimlə birgə həmçinin Kamalə Mirzəyevanın da əməyi var. Ümid varıq ki, maraqlı bir film alınacaq".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə