“Gedib klublarda çıxış etmək hələ konsert vermək deyil”
Prodüsserdən iddialı açıqlama

Prodüsser Orxan Nəsirli yerli şou-biznesdən söz açıb. O, bu sahədə baş verənləri öz dili ilə təhlil edib. SİA-ya açıqlama verən Orxan öncə prodüsserlik fəalliyətindən danışıb: "Azərbaycanda prodüsser çox azdır. Bizdə o anlam disk daşıyan mənasına çevrilib. İşini yaxşı bacaran peşəkarlar var. Onların sırasında Afir Kərimovun adını vurğulamamaq günah olar. Bu insan sözün əsl mənasında "şedevr"dir. Bu gün o, yegənə musiqi prodüsseridir. Anar Mədətov əvvəllər çox gözəl işləyirdi. İndi formatını bir az dəyişib. Amma Azərbaycanda kifayət qədər iş görüb. Tolikə isə prodüsser deməzdim. Çünki o, bundan daha çox iş görür. Tolikin təşkil etdiyi tədbirləri görmüşəm. Yüksək səviyyədə olub. O, çox gözəl konsertlər təşkil edir. İşini bacaran təşkilatçıdır. Bir də Kənan Bayramovun adını qeyd etməliyəm. İşini yerli-yerində edir. Çox da əziyyət çəkir. Mən heç özümə prodüsser demirəm".

Orxan yerli müğənnilərdən də danışıb: "İndi Röya sözün əsl mənasında "partladır". Konsertləri əsl səs-küy yaradır. Sevda Yahyayevanın isə Heydər Əliyev Sarayında verdiyi konsertdən başqa heç bir çıxışlarını saymıram. Gedib klublarda çıxış etmək hələ konsert vermək deyil.

İndi şou-biznes toydan ibarətdir. Bu bazarda isə 4 nəfərin adını vurğulamaq lazımdır- Samir Piriyev, Elton Hüseynəliyev, Abbas Bağırov və mənim çalışdığım gənc müğənni Emil Məmmədov. Bəlkə də bu açıqlama kimlərəsə qəribə gələcək. Amma Emil gənc olmasına baxmayaraq, toy bazarında öz sözünü deyib. Demirəm ki, o böyük müğənnidir. Ancaq çox çalışır. Emil hətta Rusiya toylarına da gedir. Bizim bəzi müğənnilərimiz Rusiyaya toya gedib, gəlib deyirlər ki, Moskvada konsert verdik. Tünzalə Ağayeva kimi əsl konsert verib, sonra da sübut etmək lazımdır".

Orxan Nəsirli çalışdığı müğənninin toy qonararını da açıqlamaqdan çəkinmədi: "Baxmayaq ki, Emil digər adını çəkdiklərimdən daha ucuz gedir. Amma bu, real qiymətdir və biz bunu açıqlamaqdan çəkinmirik. Emil bütün toyu 2 min manata, yarım saatı isə 500 manata idarə edir. Emilin irəli getməsi üçün zaman lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə