SİA-nın bu dəfəki müsahibi sənəti, lirik mahnıları və ciddiliyi ilə xalqın sevimlisinə çevrilən əməkdar artist İlqar Muradovdur.
- İlqar Muradov deyəndə mənim ağlıma ciddi, zarafatı xoşlamayan bir insan gəlir. Bəs bu ağır təbiətlilik hardandır?
- Ataların bir sözü var, "Zarafat dostluğun qayçısıdır". Zarafat dostluğu poza bilər. Kim ilə necə zarafat etməyi bilmək lazımdır. Ciddilik həmişə insana hörmət, ətrafdakılardan diqqət gətirir, deyə düşünürəm. Siz düz fikirləşirsiniz ki, mən çox zarafat xoşlayan insan deyiləm. Rəhmətlik atam da ciddi adam olub. Zarafat eləmirəm deyə elə bilməyin ki, sərt adamam. Çox mülayim, mehriban, yüngül yumorları sevirəm.
- Bu cür insan "bataqlıq" deyilən "şou-biznes"də necə baş çıxarır, görəsən?
- Düşünürəm ki, bataqlıq hər yerdə var. Şou-biznes daha çox səhnə ilə bağlı, göz önündə olan sahə olduğuna görə belə hesab edilir. Hara olur-olsun mən həmişə çalışıram ki, bataqlığın kənarından keçim. Mən şou-biznesdə bataqlıq görməmişəm. Bəlkə də mənə rast gəlib, amma mən ora düşməmişəm. Özümü şou-biznes adamı hesab etmirəm.
- Daha çox lirika oxuyursunuz. Bunun özəl bir səbəbi var?
- Mən düşünürəm ki, lirika ən professional, mükəmməl musiqi janrıdır. Klassik, lirik musiqi həm səviyyəli həm də çox çətin janrdır. Mən uşaqlıqdan lirikaya maraq göstərirəm.
- Bir az öncə tələbələrinizi gördük, ifaları ilə tanış olduq. Razısınızmı onlardan?
- Mən tələbələrimi çox istəyirəm. Biz bir ailənin üzvləri kimiyik. Mən repertuar seçimində onlara çox böyük azadlıq verirəm. Təbi ki, söhbət klassik, retro, bəstəkar və xalq musiqilərindən gedir. Heç vaxt bayağı mahnılar ifa etməyə icazə vermərəm. Tələbələrim hamısı istedadlıdır. Onlara çox inanıram.
- Bildiyimiz kimi, şou nümayəndələrindən ən bəyəndiyiniz Nura Suridir. Onda sizi cəlb edən nədir?
- Musiqi dünyasında olan bütün kolleqalarımla dost münasibətindəyəm. Elə bir adam yoxdur ki, onunla münasibətim olmasın. Nura da mənim dostumdur, onu çox istəyirəm. Onu sənətə lap təzə başladığı vaxtdan tanıyıram. İndidən sonra da ona müvəfəqiyyətlər arzu edirəm.
- Yeni layihələriniz varmı?
- Bəli, yeni albom üzərində işləyirəm. Bu barədə mediaya məlumat vermişdim. Bu 4 yaradıcı qrupun üzərində işlədiyi müəllif albomudur. Albom Zəlimxan Yaqubun sözləri, Sevda Məmmədlinin bəstələdiyi musiqilər, Əvəz Muradovun aranjimanında və mənim ifamda olacaq. Bu yaxınlarada Avstiyada hazır olacaq. Oradakı bəzi mahnıları efirdə ifa etmişəm. İnanıram ki, çox maraqlı olacaq.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB