Şairə ilə müğənninin qalmaqalı böyüyür

Bu dəfə prodüsser qəzəbləndi
Şairə ilə müğənninin qalmaqalı böyüyür

Gənc müğənni Emil Məmmədovla şairə Aysel Nəcəfli arasında baş verən qalmaqal böyüyür. Diqqətli oxucularımıza məlumdur ki, şairə xanım müğənniyə hədiyyə etdiyi mahnı sözlərinə görə, təşəkkürlə yox, haqsızlıqla qarşılaşıb. Məsələ burasındadır ki, Emil efirlərdə mahnını ifa edən zaman yalnız bəstəkarın adını çəkir. Söz yazarı olan Ayseli isə yadına salan yoxdur. Şairə xanım SİA-ya açıqlamasında emosiyalarını cilovlaya bilməyib, müğənninin ünvanına xoşagəlməz ifadələr səsləndirib. Aysel "Sevgi nəyə deyirsən" adlı mahnının bəstəkarı olan Elvin Abdullayevlə yanaşı söz müəllifi olaraq öz adının da qeyd olunmasını tələb edib. Şairə xanım əsəbləşərək bu sözlərdən istifadə edib: "Neçə dəfə zəng edib narazıçılığımı ifadə etmişəm. Emil isə uzun zaman efirlərə çıxmadığını və bu səbəbdən həyəcanlı olduğunu əlində bayraq edib. Mən başa düşürəm, çoxdandır canlı yayımda və çəkilişlərdə olmur, bu üzdən həyəcanlıdır. Amma bu həyəcan bir və ya iki dəfə ola bilər. Bu insan heç bir Kütləvi İnformasiya Vasitələrində mənim adımı çəkmir. O, kimlə oyun apardığını bilmir diyəsən. Mən ondan qonarar almadım. İndi o məndən hallalıq almaq əvəzinə belə edir".

Şairə xanımın bu açıqlamasına cavab özünü çox gözlətməyib. Müğənni Emil Məmmədovun prodüsseri Orxan Nəsirli redaksiyamıza telefon açaraq məsələyə başqa tərəfdən yanaşıb: "Aysel xanıma bizi təhdid etmək heç yaraşmazdı. Bu hədə-qorxu lazım deyildi. Xanım mahnının birinci növbədə bəstəkara təqdim edib və biz də bu məhsulu məhz ondan almışıq. Mən yeri gələndə heç Aysel xanımı şairə kimi tanımıram. O, hələ bu sənətdə "cücərir". Belə kəskin danışmağa ehtiyac yox idi. Biz dəfələrlə onun adını çəkmişik. Sadəcə bəzi verilişlərdə montaj olunub və xanımın adı çıxarılıb. Bu, bizim günahımız deyil. Ancaq biz yazılı mətbuatda hər zaman onun adını vurğulamışıq. Biz belə söhbətlərlə reklam olunmaq istəmirik. Buna ehtiyacımız da yoxdur. Ancaq o xanımın bizi hədələməsi heç də xoş hal deyil. Mən ilk dəfədir belə hadisə ilə qarşılaşıram. O, xanımdır və mən bu söhbəti çox şişirtmək istəmirəm. Emil də Aysel də gəncdilər. Onların hər ikisinə dəstək lazımdır. Hədə- qorxu gəlməklə bir iş alınmaz. Qalmaqal etmək də bizə yaraşmaz".

Prodüsser onu da əlavə edib ki, Emil sözügedən qalmaqallı mahnıya klip çəkdirməyə hazırlaşır. Çəkilişlərin Latviya və ya Türkiyədə baş tutacağı gözlənilir. Rejissor seçimində isə hələ dəqiq qərar verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə