Müğənni bir il oxumayacaq
Azad Şabanov “Azad” oldu

Dünən Jazz Mərkəzində tanınmış müğənni Azad Şabanov ən yaxınları ilə media nümayəndələrini başına toplayaraq fərqli məclis qurub. SİA-nın məlumatına görə, müğənni yeni albom və kliplə tamaşaçılarını sevindirib.

STS Production tərəfindən hazırlanan "Azad" adlı alboma 10 mahnı daxildir. Onlardan 5-i görkəmli bəsəkarımız Tofiq Quliyev, Vasif Adığözəlov, Polad Bülbüloğlu və həmçinin İsmayil Əsədov, İsa Məlikov, Esmiralda Hüseynova, Qivi Usenaşvili və Tural Yusubovun mahnılarıdır.

Azad həmçinin yeni klipini də hər kəsə nümayiş etdirib. Söz və musiqisi İsmayil Əsədova məxsus "Tək məni səslə" mahnısına çəkilən klipin rejissoru Tonidir. Klipin operatoru Nicat Cəfərov, montaj işi isə Yusif Cəfərova məxsusdur. Klipdə Azadla birgə model Maya Cəfərova da çəkilib. Hər iki sima azad hisslərdən bəhs edib.

Müğənniyə dəstək olmaq üçün isə onun valideynləri və media nümayəndələri ilə yanaşı tanınmış simalar da təşrif buyurub. Müğənnilər Samira Allahverdi, Gunay İbrahimli, Elçin Cəfərov, Emin Bədəlov, Aygün Rəhimova, reper Cin, teleaparıcı Afaq Gəncəvi, prodüsser Təranə Səmədova və başqaları qatılıb.

Mərasimi idarə edən Azadın yaxın dostu və həmkarı Nurlana olub. Aparıcı jurnalistlərə klip təqdim edərək, səhnəyə Azad Şabanovu, Maya Cəfərovanı və Tonini dəvət etdi. Səbəbkarlar jurnalislərin bəzi suallarını da cavablandırıb. Azadın açıqlaması zamanı bəlli olub ki, klip onun dostu elə yeni işini ərsəyə gətirən Toni tərəfindən hədiyyə olunub.

Mini mətbuat konfransı bitdikdən sonra isə Azad canlı ifa nümayiş edib. Müğənni retro, klassik və estarada mahnılarımızı səsləndirib.

Sonda isə ifaçı daha bir açıqlama verib. Belə ki, Azad əsgərliyə yollandığı üçün bir il səhnədən uzaq düşəcək: "Gedirəm, bir il yeni ifalarımı heç kim eşitməyəcək. Amma mən gələcəm və yeniliklərimlə tamaşaçılarımı sevindirəcəm".

Mərasimdə baş verən ən maraqlı anları isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə