Azərbaycanlı xanəndə Elnarə Abdullayevanın müsahibəsini sia.az oxucularına təqdim edirik:
- Bildiyimizə görə, bu yaxınlarda həyat yoldaşınızla birgə avtomobil qəzasına düşmüşdünüz. İndi səhhətiniz necədir?
- Allaha şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. Ancaq bir az ağrılarım var. Onu da deyim ki, qəzadan sonra çalışıram ki, efirlərdən uzaq olum.
- Sizin ifa tərziniz çox fərqlidir. Muğam oxuyarkən sanki mərsiyə deyirsiniz. Bu nə ilə bağlıdır ?
- Əvvəllər mənə mərsiyyə oxuyan deyəndə narahat olurdum. Daha narahat olmuram. Çünki Tanrının mənə verdiyi istedaddır. Bir sözlə bu bir Allah vergisidir.
- Səs imkanlarınızın olmasına baxmayaraq konsert verməməyinizə səbəb nədir ?
- Bu vaxtadək konsert vermək istəmişəm. Sadəcə olaraq fikirləşmişəm ki, tamaşaçıların biletlərə verdikləri pullarla özlərinə nəsə edə bilərlər. Bir sözlə xalqıma qıymamışam. Ancaq bu yaxınlarda konsert vermək fikrim var. Konsertimi qeyri-adi keçirmək istəyirəm. Əgər konsert verməli olsam bu mənim ilk konsertim olacaq.
- Ümumiyyətlə, hansısa ifaçının konsertinə getmisiz?
- Həmkarım Firuz və Alim Qasımovdan başqa heç kimin konsertinə getməmişəm. Çünki konsertlərə çox gedən deyiləm.
- Bəs, xarici müğənnilərin konsertlərində olmusunuz?
- Xarici mahnıları çox sevirəm. Ancaq bu günə qədər heç birinin konsertinə getməmişəm. Çünki vaxtım olmayıb və yaxud da Azərbaycanda olmamışam.
- Elnarə xanım, sizin fikrinizcə, azərbaycanlı müğənnilərdən kimlər Heydər Əliyev sarayını doldura bilər?
- Adıçəkilən sarayı müxtəlif yollarla doldurmaq olar. Əsas odur ki, camaatın ifaçıya qarşı məhəbbəti olsun.
- Azərbaycanlı müğənnilərin kimlərin ifa tərzindən razısınız ?
- Onu mənim ruhuma buraxaq. Çünki kiminsə adını çəksəm başqaları inciyə bilər.
- Elnarə Abdullayevanın niyə tələbələri yoxdur ?
- Əvvəlki tələbələrdə olan mədəniyyət indiki tələbələin əksəriyyətində yoxdur. Ona görə də mən tələbə hazırlaya bilmərəm. Onda gərək bütün işlərimi atıb, sırf müəllimliklə məşğul olum. Müəllimliklə məşğul olsam Azərbaycanda mənim kimi ikinci bir tələbə hazırlaşdıran müəllim tapılmaz. Sənət üçün müəyyən işləri gördükdən sonra müəllimə ola bilərəm. Əsl müəllim Ağaxan Abdullayev, Arif Babayev, Canəli Əkbərovdur. Müəllim aşıq musiqisini, muğamı bilməlidir. Əgər hamı dərs desə muğamın inkişafı necə olacaq ? Guya mən necə olur-olsun gedib dərs deyə bimərəm? Adama deyərlər özün nə öyrəndin ki, camaatın balasını da bədbaxt edirsən? Dərs deyən müəllimlər ilk öncə öz sənət həyatını vərəqləyib baxsınlar ki, şagirdlərə də dərs keçə bilsinlər. Heç sözünü demiş xanəndələr muğamın dərinliklərini bilmir. Cavanlar nə biləcək ? Gənc xanəndələr gedib sənət öyrənsinlər, sonra müəllimlik edərlər. Hamı bu işə dırnaqarası baxır. Ona görə də muğamda inkişaf yoxdur. Muğam ancaq kənd toylarındavar. Restoran toylarında muğam janrı inkişaf edə bilməz. Çünki qadın olan məclisdə sənət ola bilməz.
- Toylardan danışdız. Bilmək istərdik ki, Elnarə Abdullayeva toylara neçəyə gedir ?
- Qiyməti deyib birdən nəzərə gələrəm. ( gülür) Ancaq onu deyim ki, kasıb təbəqənin insanlarına yaşım qədər hörmət etmişəm. Hər zaman onlara Allahdan çoxlu pul diləmişəm. Onu da deyim ki, toylardan qazandığım pulu kasıblara və ya muğama üçün nəsə etməyə xərcləmişəm. Hazırda pul yığıram ki, konsert verim. Ancaq Bakı toylarına 6-7min manata, rayon toylarına isə baha gedirəm.
- Xarici ölkələrə toya getmək üçün dəvətlər alırsınız?
- Bəli dəvətlər alıram. Ancaq elə vaxt olub ki, aldığım dəvətin qarşısına keçən insanlar olub. Ona görə də mənim yerim bu dünya deyil. Mən bu cəmiyyətdə yaşamıram və görmürəm. Bir şeyi də nəzərinizə çatdırım ki, həmkarım Ağaxan Abdullayevlə birgə Fransaya toya getmişdik. Orda mənə yaxınlaşıb dedilər ki, "indiyə qədər Azərbaycandan bura çox müğənnilər gəlib. Ancaq sizin səsiniz kimi ikinci səs yoxdur".
- Yaxşı ifa tərziniz olsa da ancaq bu vaxtadək heç bir fəxri ada layiq görülməmisiniz. Buna səbəb nədir ?
- Heç mənə balaca diplom da verməyiblər. Lakin bu məni qətiyyən ruhdan salmır. Bayaq dediyim kimi mən bu cəmiyyətdə yaşamıram.
- Sənətinizin dəyəri nə qədərdir?
- Mən bilmirəm. Onu Allah bilir. Əsas odur şəxsiyyətimin dəyəri olsun.
- Şou-biznes nümayəndələri ilə münasibətiniz necədir ?
- Estrada ifa edənlərlə və muğam janrında oxuyan hər kəslə münasibətlərim yaxşıdır. Mənim dava-dalaşla işim ola bilməz. Mən ancaq onlarla sənət davası edə bilərəm.
- Bəs niyə şou-biznes aləmi bir-biri ilə qalmaqal edir?
- Çünki, onların gözləri bu dünyadadır. Allah bizi sevib
yaradıbsa, mən kiməsə necə pislik edə bilərəm?
- Şəxsi həyatınız necə gedir ? Diyəsən o haqda danışmaqdan xoşunuz gəlmir ?
- Çünki mənim şəxsi həyatım kimin nəyinə lazımdır ? Şəxsi həyatımda həyat yoldaşım, qızım və oğlum var. Atam 2 il bundan öncə rəhmətə gedib.Anam isə sağdır. Valideynlərimə minnətdaram ki, cəmiyyətə xeyirli övladlar yetişdiriblər.
- Bəs siz, övladlarınızdan razısınız?
- Hələ onlardan razı olub-olmamağımı bilmirəm. Övladımın biri 8-də, digəri isə biri 4-də oxuyur. Əsas odur ki, imanlı olsunlar.
- İstərdinizmi ki, onlarda sizin kimi xanəndə olsun ?
- Xeyr, əsla. Ola bilər oğlum oxusun. Ancaq qızımım xanəndə olmasına heç vaxt imkan vermərəm. Çünki mən bu sənətdə üzdəniraq çirkablar görmüşəm. Hələ də görməyə davam edirəm. Ona görə də qızımın oxumasına qarşıyam. Onu da deyim ki, evdə siyasət aparıram ki, musiqi aləmindən uzaq dursunlar. Mən qısqanc adamam. Həyat yoldaşmı yox amma öz qızımı qısqanıram.
- Həyat yoldaşınızı qısqanmamağınıza səbəb nədir ?
- Allah rızası üçün ailə qurmuşuq. Sevib dərdindən çöllərə düşməmişəm. Odur ki, başqa yollara getmək istəyirsə, getsin. Özü çox yaxşı bilir ki, günahdır. Ancaq bir şey də deyim ki, kişini sıxmaq olmaz. Kişi evdən məhəbbət və qayğı görməlidir.
- Elə məkan olubmu ki, həyat yoldaşınız sizi qısqanıb və ora qoymayıb ?
- Xeyir olmayıb. Çünki hər kəs mənim xasiyyətimi yaxşı tanıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB