Tamaşaçılar fərqləndirdi - Cennifer, yoxsa Rihanna?

Gözdən qaçan məqamlar...
Tamaşaçılar fərqləndirdi - Cennifer, yoxsa Rihanna?

Heç kimə sirr deyil ki, bu il Avropanın gözü Azərbaycanda olub. Məhz bu il, "Eurovision"dan sonra dünyanın ən məşhur ulduzları paytaxtımızın qonağı olub. Dünya şöhrətli Cennifer Lopez və Rihannanın konsertini vurğulamaq yazımızın əsas məqsədidir. Bakı ilk dəfə idi bu cür müğənnilərin canlı ifasını eşidib, performansının şahidi olurdu. Bu imkanı isə Azərbaycana Universal Music şirkətinin paytaxtımızdakı nümayəndələri Omnikoma Music Grupu verib. Jurnalistlərlə səmimi ünsiyyət quran şirkətin PR meneceri Zaur Darabzadə media nümayəndələrinin konsertdə iştirakını yüksək səviyyədə təşkil edib.

Biz də SİA olaraq Azərbaycanda böyük səs-küyə səbəb olan ulduzların çıxışını müqayisə etmək istədik. Əgər bu gün Avropada Cennifer Lopez və Rihanna arasındaki böyük fərq asanlıqla seçilirsə, bizim üçün onlar hər ikisi sadəcə əlçatmaz dünya ulduzudur.

İndi bu iki ulduza Azərbaycan tamaşaçısının gözü ilə baxaq. Performans baxımından Cennifer daha çevik və cəld idi. O, rəqqaslardan çox oynayırdı. Əgər Lopez səhnədə nəfəs dərmədan hərəkət edib, sanki tələsirmiş kimi davranırdısa, Rihanna əksinə, astagəl idi. Müğənni performansını daha sakit tərzdə nümayiş etdirirdi.

Cenniferdən fərqli olaraq, Rihanna libas seçimində daha sadə idi. Cennifer 45 dəqiqəlik çıxışı zamanı 5 dəfə paltarını dəyişdi. Rihanna isə səhnəyə neçə çıxmışdısa, elə də getdi. Ulduz yalnız "kepka" və eynəklə fərqləndi. Ancaq nəzərə alsaq ki, Rihanna Lopezdən az qala öz yaşı qədər balacadır, onda müğənni daha cəld olmalı idi.

Cennifer daha çox mahnı səsləndirdi. Amma Rihanna tamaşaçı ilə ünsiyyət qurmağı üstün tutdu. Lopez Azərbaycan sözlərindən istifadə edirdisə, Rihanna "Sağ ol" ifadəsindən başqa heç nə deyə bilmədi. Müğənni tamaçılara elə öz dilində səslənirdi.

Cenniferdən fərqli olaraq Rihanna səhnəyə daha gec çıxdı. Müğənni rəqs qrupu ilə də fərqlənirdi. Əgər Lopezin səhnədə 15 rəqqası var idisə, Rihannada bu rəqəm 7 idi. Müğənni tək rəqs etməyi daha üstün tuturdu. Rihanna Lopezdən fərqli olaraq, bütün rəqs hərəkətlərini deyil, yalnız ürəyincə olanları göstərirdi.

Azərbaycan tamaşaçısı hələ də "Mən Cennifer Lopezi daha çox sevirəm" desə də, Rihannanın konserti daha böyük izdihamla yadda qaldı. Lopezdə Kristal Zalınının 25 min tamaşaçısının 30 faizi ayaqüstə idisə, Rihannada VİP yerlərdən başqa bütün zal ayağa, hətta oturacaqların üstünə qalxmışdılar.

Hər iki konsertin bilətlərində də gözdən qaçmayan fərq oldu. Məsələn, Lopezdə tamaşaçı daha az idi. Onun biletləri Rihannaya nisbətən az satılmışdı. Ancaq Rihannanın biletləri çox satılsa da, digər konsertdən daha ucuz idi. Lopezdə 155 manatlıq sıra Rihannada 80 manat idi.

Hər iki müğənninin oxşar cəhətləri təbii ki, ifaları oldu. Rihannanın bəzi mahnı sözlərini unutmasını nəzərə almasaq, hər iki ulduz mükəmməl ifa nümayiş etdirdi. Konsertin sonunda isə Rihanna və Lopez eyni üsulla tamaşaçıları "aldatdılar". Onlar konsert bitibmiş kimi səhnədən getdilər. Ancaq elə hər ikisi də gözlənilməz anda yenidən səhnəyə qayıdıb, 25 min tamaşaçı ilə sağollaşdılar.

Rihanna daha ürəkli idi. Əgər Lopez səhnədə əyilib, pərəstişkarların əlini tutdusa, Rihanna cəsarət nümayiş edərək, onu sevgidən parçalamağa belə hazır olan tamaşaçıların yanına endi. Cangüdənin boynuna əyləşən Rihanna gənclərə onun bədəninə toxunmağa fürsət yaradıb.

Bundan sonra Azərbaycan dünya şöhrətli daha bir ulduzu, Şakiranı gözləyir. Görək bu ecazkar xanım bizə nə nümayiş etdirəcək?!

Bütün xəbərlər Facebook səhifəmizdə