"Master-klass"dan sonra mətbuat önünə

Danimarkanın rəqs qrupu azərbaycan jurnalistləri ilə görüşüb
"Master-klass"dan sonra mətbuat önünə

Xəbər verdiyimiz kimi Danimarkanın tanınmış rəqs qrupu olan National Danish Perfomance Team (NDPT) bir neçə gündür Bakıdadır. SİA-nın məlumatına görə, qrup bu gün "master-klass"lar keçdikdən sonra yerli media mənsubları ilə görüşüblər. Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıya gələn və ifalarında əsasən akrobat rəqslərinə üstünlük verən rəqs qrupu üzvləri ilk dəfə olaraq Azərbaycana gəldiklərini açıqlayıblar.

Tədbirdə qonaqları salamlayan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qrupun oktyabrın 8-də Əl Oyunları Sarayında xüsusi şou nümayiş etdirəcəyini deyib.

Konfransda National Danish Perfomance Team (NDPT) meneceri Mette Mogensen, mətbuat katibi Bjarke Hal, təlimatçı Anders Bidstrop, gimnastlar Malthe Hahn və Katrine Myrup iştirak ediblər. Mette Mogersen qrupun 33 nəfərdən ibarət olduğunu nəzərə çatdırıb: "İlk dəfədir Azərbaycandayıq və bu bizim üçün çox xoşdur. Bakıda Qız Qalası, İçərişəhər, Yanardağ da olmuşuq və olduqca böyük zövq aldıq. Deyə bilərik ki, Bakı olduğumuz şəhərlərdən fərqli və maraqlıdır. Buranın mədəniyyəti, insanları, qədim tarixi bizi cəlb etdi və biz yenidən Azərbaycana gəlmək niyyətindəyik".

Bjarke Hal deyib ki, qrup Azərbaycandan sonra Kolumbiya, Meksika və digər bu kimi ölkələrdə şoularını nümayiş etdirəcək. Onun sözlərinə görə, qrup oktyabrın 8-i Bakı səhnəsində xüsusi və yaddaqalan şou nümayiş etdirəcək. Üzvlər 7 geyimdə Bakı əhlinin qarşısına çıxacaq. Rəqs növlərindən danışan gimnastlar Malthe Hahn və Katrine Myrup istənilən rəqs növünün onlar üçün maraqlı olduğunu qeyd ediblər. Qrup üzvləri eləcə də Bakıda keçirilən Futbol üzrə qızlararası Dünya Çempionatından xəbərdar olduqlarını və bu oyunlarda iştirak arzularını dilə gətiriblər.

Dünyanın bir çox ölkələrində öz şouları ilə böyük maraq qazanan National Danish Perfomance Team, 18-28 yaş arasında 28 gənc atletdən ibarətdir. Qrup mütəmadi olaraq tur menecerləri ilə bərabər dünya turuna çıxır və konsertləri çox böyük miqyasda təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə