Azərbaycanlı meyxanaçı “od püskürdü”

"Bəzi həmkarlarımı yerində oturtmuşam"
Azərbaycanlı meyxanaçı “od püskürdü”

Gənc meyxanaçı Ataş Novxanılı son günlər diqqət mərkəzində olmağa çalışır. O iddia edir ki, həmkarları ona paxıllıq edərək bəzi məclislərdə əleyhinə danışırlar. SİA-ya açıqlama verən meyxanaçı emosiyalarını gizləməyə çalışdı: "Nədənsə son vaxtlar bəzi meyxançılar mənim adım gələndə narahat olmağa başlayıblar. Bilmirəm, bu narahatlığa səbəb nədir? Bəlkə mənim meyxanalarım onları dilə gətirib? Mənimlə bir məclisdə olmaqdan ehtiyyat edirlər və ya məndən qorxurlar? Qorxurlar deyəndə ki, söhbət deyişmədən gedir. Özlərini gecə-gündüz reklam etməyə çalışan bəzi həmkarlarımı meyxana məclislərində yerində oturtmuşam. Yəqin ona görə də mənimlə bir yerdə olmaq, deyişmək onlara çətin gəlir. Hələ ad çəkmək istəmirəm. Onlara görə yox, özüm və mədəniyyətim üçün. Onların adını çəkməyi özümə sığışdırmıram. Əgər kiminsə mənim sənətimə şübhəsi varsa, istənilən efir məkanında onlarla deyişməyə hazıram. Mən özümə güvənirəm. Hətta elə olub ki, efirə məni dəvət etmək istəyiblər, ancaq onlar buna mane olublar, imkan verməyiblər və hər yolla əngəl olmağa çalışıblar. Bilirsiz, meyxana elə bir sənətdir ki, burada istəsən də güclü olan xiridarı gizlətmək, kölgədə qoymaq mümkün deyil. Başa düşə bilmirəm ki, mənim yolumu kəsməkdə hansı məqsədə çatmağa çalışırlar? Qarşılaşdığımız zaman üzümə gülürlər, ancaq mən olmayan yerdə arxamca danışırlar. Kişi olan kəs sözü üzə deyər".

Ataş onu da qeyd edir ki, bəzi həmkarları onun meyxanalarını mənimsəyiblər: "Yeri gəlmişkən, bir çox tanınmış meyxanaçılar zaman-zaman mənim meyxanalarımı özününüküləşdiriblər. Yazdığım meyxanaları öz adlarına çıxarıblar. Bu halın qarşısını necə alım, bilmirəm".

Meyxanaçı yaradıcılığındaki yeniliklər barədə də məlumat verib: "Bir neçə müraciət olunmayan mövzularda meyxanalar yazmışam. Onlar əsasən sosial problemlərdən bəhs edir. Bu gün cəmiyyətdə baş verən aktual məsələlər meyxanamda əksini tapacaq. Yaxın müddətdə həmin meyxanalardan birinə klip çəkdirməyi də düşünürəm. Bu günə qədər meyxana üçün çox əziyyət çəkmişəm. Mehmanla bir yerdə çalışmışıq ki, gənclərə şərait yaradaq. İlk musiqili meyxana zalını da mən yaratmışam. Bunu etməkdə məqsədimiz meyxanaya maraq göstərən gənclərin təkmilləşməsidir. Onlar böyük səhnəyə çıxmaq üçün təcrübə yığmalıdırlar və meyxana səviyyəli şəkildə inkişaf etməlidir. Ancaq bəziləri mənim əməyimi unudurlar. Meyxanada sözümü demişəm. Özünü çox güclü hesab edən istənilən meyxanaçı ilə də deyişməyə hazıram. Arxamdan danışmaqdansa, efirdə mənimlə rəqabət aparsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə