Flora Kərimova: “Vaxtilə Faiq Ağayev və İlhamə Quliyeva...” MÜSAHİBƏ

Flora Kərimova: “Vaxtilə Faiq Ağayev və İlhamə Quliyeva...” MÜSAHİBƏ

- Flora xanım, sizi illər öncə qalmaqllarda tez-tez görürdük. İndi isə dava-dalaşdan uzaqlaşmısınız. Buna səbəb nədir ?

- Hazırda da qalmaqallardayam.

- Sizi çoxmu əsəbləşdirirlər ki, məhkəmələrə qədər müraciət edirsiniz?

- Mən şərəfimi, ailəmin namusunu, övladlarımın qazandığı səviyyəni qorumaq istəyirəm. Mən bu gün varam, sabah yoxam. İstəmirəm ki, məndən sonra bu problemlər övladlarıma baş ağrısı olsun. Bu problemlərə məndən başqa heç kəs cavab verə bilməz. Çünki mən bu problemlərin içindəyəm. Haqqı-nahaqqa vermək istəmirəm. Odur ki, haqqımı sənət və sübutla isbat edirəm. İndi də üzümü tutub deyirəm ki, mənə sataşmayın! Hamınızın cavabını verəcəm. Hər zaman mənə yaxın olan insanlara demişəm ki, bir-birinizlə kobud zarafat etməyin. Hətta zarafatı övladlarıma belə qadağan etmişəm. Bir dəfə oğlum qızıma deyib ki, ananı notariatda görüblər. Qızım soruşub ki, anam orda neynirdi? Oğlum da deyib ki, anam səni övladlıqdan çıxarırdı. Qızımın da ürəyi gedib. Mənə zəng edib ki, ana mən neynəmişəm ki?

- Kobud zarafatla qarşılaşmısınız?

Bəli. Vaxtilə Faiq Ağayev və İlhamə Quliyeva.

-Baxmayaraq ki, İlhamə xanımla siz düşmənsiz, ancaq o ağır əməliyyat keçirdi. Bəlkə ziyarətinə getmişdiz?

- Xeyir. Heç vaxt getmərəm. Çünki bizim xasiyyətlərimiz bir-birinə əksdir.

- Həmyaşıdlarınıza fikriniz bəllidir. Bəs cavanlara necə?

- Mən düşünürəm ki, indiki müğənnilərin tutuduğu yol utandırıcıdır. İndi hamısını sosial durum maraqlandırır. Nə olursa olsun hamıdan gözəl geyinim, bahalı maşın sürüm və s... Onu da deyim ki, mən elə müğənnilər, aktrisalar tanıyıram ki, övladı onun adını çəkməyə utanır. Bu valideyn üçün faciədir. Mən həmişə bundan qorxmuşam və diqqət eləmişəm ki, övladım mənim yalanlarımı tutmasın. Hansı mükafatların sahibi olsam da, mənim yeganə qazancım övladlarımdır. Onların sevgisinə layiq olmaq üçün mən həm sənət fəaliyyətimdə, həm də həyatımda əlimdən gələni etmişəm. Ona görə də mənə şər atanlara cavab verməyə məhkumam. Çünki övladlarım var.

- Cavanlığınızda həyat yoldaşınızla necə tanış olmusunuz?

- İllər öncə müğənni Züleyxa Əmiraslanova var idi. Onların evindən Səməd Vurğun bağınadək piyada gedirdim. Bir gün də Züleyxa ilə bir yerə gedəndə rəhmətlik həyat yoldaşım Faiqin maşını ilə getməli olduq. O vaxtdan tanışlığımız başladı. O çox kişi xasiyyətli insan idi. Uzun çəkən münasibətdən sonra evləndik və qızımız oldu.

- Bildiyimizə görə, övladlarınız xarici ölkədə yaşayır. Onları görə bilirsiniz?

- Qızım ildə 1-2 dəfə Bakıya gəlir. Onun üçün çox darıxıram. Tez-tez telefonla qızım və oğlumla danışıram. Onu da deyim ki, qızım qəşəng oxuyur. Ancaq oynamağa başlayanda sanki üzür. Həvəssiz oynayır. Ancaq onlar olmayanda bacımın qızı Yaqut məni tək qoymur. Bütün günü nazımla oynayır və mənə hörmət edir. Yaqutum mənə öz övladım kimi baxır.

- Nəvələriniz sizi ziyarət etməyə gəlirlər?

- Onları ancaq şəkildən görmüşəm. Övladlarıma tərbiyyə verə bildim. Ancaq nəvələrimə yox. Çünki fiziki imkanım çatmır. Onu da deyim ki, tərbiyyəyə çox böyük önəm verirəm və istəyirəm ki, mənim övladlarıma verdiyim tərbiyyəni onlar da öz balalarına aşılasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə