Məşhur müğənni: “Tərbiyəsizliyi qəbul edə bilmərəm” MÜSAHİBƏ

“Xahiş edirəm, mənim üzümə nəzər salın”

Azərbaycanın əməkdar artisti, məşhur estrada müğənnisi Lalə Məmmədovanın SİA-ya müsahibəsi:

- Lalə xanım, hər zaman sizə baxdıqda, görürəm ki, illər sizdən heç nə almayıb. Necə var idiz, elə də qalmısız. Bunun sirri nədir?

- Əslində, mənim yaşım da çox deyil. Sadəcə bu sənətə tez gəlmişəm. 14 yaşımdan oxuyuram. Mən tamaşaçının gözünün qarşısında böyümüşəm. Hazırda da onların gözünün qarşısındayam və bu minvalla da gedirəm. Elə onların gözünün önündə də Allah qismət etsə, qocalacağam. Əgər bu gün dəyişmədiyim hiss olunmursa, demək ki, həyatımda hər şey qaydasındadır.

- Şou-biznesə qatılan hər kəs dəyişir. Bu sahə məşhurların daxilinə təsir etdiyi kimi xarici görünüşündə də iz buraxır. Nə yaxşı siz dəyişmədiz?

- Xahiş edirəm, mənim üzümə nəzər salın. Gördüyünüz nədirsə, odur. Məni Allah bu cür yaradıb. Bununla da fəxr edirəm. Heç bir kompleks keçirmirəm. Bəlkə də bu gün mənim üz cizgilərim idial olmaya bilər, amma bu, mənəm və mənim xarakterimdir. Mən Allahın verdiyi simanı niyə dəyişməliyəm axı? Bəlkə qocalana yaxın yüngül nələrsə edərəm. Hər bir qadın cavan qalmaq istəyir. Ola bilsin qocalanda qırışlarımı yox edərəm. Ancaq indi sahib olduğum hər şeyə Şükür edirəm. Kim istəyir bəyənsin və ya bəyənməsin, mən beləyəm-kompleksdən çox uzaq Lalə Məmmədova. Bəyəm o zamanlar nənə-babalarımız əməliyyatlar keçirib gözəlləşiblər? Sevilən insan hansı formada olduğundan asılı olmayaq yenə də seviləcək. Axı məni hər kəs sevə bilməz. Bu gün məni tamaşaçı ilə əməliyyat olunmus üz yox, yaddaqalan mahnılar və səmimi ünsiyyət bağlayırsa, demək bunu qorumalıyam. İnsanın sənəti, səsi varsa, sənətdə gözü toxdursa, o, heç vaxt ulduzluq xəstəliyinə tutula bilməz. Əgər sadaladıqlarımdan heç biri yoxdursa, əlbətdə "mənəm-mənəm" deyəcək. O cür adamlar nə qədər görsələr də onlara elə gəlir ki, yenə də azdır. Siz heç görmüsüz ki, dünya şöhrətli simalar bir dəfə desinlər ki, ulduzdular və bunlardan yoxdur? Heç Corc Mayk nə vaxtsa deyib ki, "Məndən yoxdur"? Camaat onlara gülər. Onlar çox sakit və sadə şəkildə insanlar arasında gəzirlər. Heç kim də onlara heç nə demir. Mən də xalqımdan özümə qarşı heç bir hörtmətsizlik görməmişəm. Heç vaxt düşünmürəm ki, tək gedərəm harasa və kimsə mənə hücüm edər. El şənliklərində içkili vəziyyətdə olan insanlar belə mənə bir kəlmə artıq söz deməyiblər. Hər kəs mənə hörmətlə yanaşıb. Buna görə xalqıma minnətdaram.

- O çərçivəni siz özününz yaratmısız?

- Xeyir , bunu tek mən etməmişəm. Bu, Allahdan gələn keyfiyyətlərdir. Mən bu cür olmaya və ya çərçivəsiz də doğula bilərdim. Mən əslində özüm üçün bir çərçivə qurub, yaşamağı sevən insan deyiləm. Bu, mənim daxilimdən gəlir, belə yaşamışam. Heç vaxt şəxsiyyətimi sənətimə qurban verməmişəm. Hər kəsin bir yolu var. Hər kəs özünə, qəlbinə və ruhuna yaxın olan yolu seçir. Burada genetik məsələlərlə yanaşı digər amillər də var. Mən özümü elə bu cür görürəm, Allahın bu gününə çox şükür, həyatımda hər kəsin öz yeri var. Mən yola verməyi bacaran insanam. Ancaq tərbiyəsizliyi qəbul edə bilmərəm.

- Qocalmaqdan qorxursuz?

- Atam o zamanlar bir söz deyirdi, amma mən onu başa düşmürdüm. Deyirdi ki, "Səni görum qocalasan". Deyirdim görəsən atam niyə qarğış edir. Ancaq böyüdükdən sonra başa düşdüm ki, hər insana qocalmaq qismət olmur. Əgər bu, mənə nəsib olsa, çox şad olaram. Mən bu gün yaşımı gizlətmirəm, 34 yaşım var. Mən 44, 54, 64 yaşıma çatanda da bunu gizlətməyəcəm. Niyə yaşadığım illəri danmalıyam ki? Əsağfurullah, mən həbsxanada yatmamışam, oğurluq etməmişəm ki, illərimi gizlədim. Mən ömrümdən heç bir illəri kəsib atmaram. 34 yaşına kimi yaşadığım ömründən razıyam. Mənim iki ali təhsilim var. Bu günə qədər çox şeylər etdiyimi düşünürəm. "Leyli Məcnun" kimi ağır operanın öhtəsindən gəldim, əməkdar artistəm və Milli Konservatoriyada baş müəllim vəzifəsində çalışıram. İnşaallah, bu ilin sonunadək elmi işimin müdafiəsi nəzərdə tutulub. Gözəl ailəm və yaxşı dostlarım var. Ömründəm gedən hansı illəri kəsib ata bilərəm? Yaşadığım hər bir il, ay və günlə fəxr edirəm. Mənim balamın səsi və nəfəsi gəlir. Buna necə sevinməmək olar? Bu gün sahib olduqlarıma şükür edirəmsə, necə qocalmaqdan qorxa bilərəm? Axı mən qocaldıqda övladım mənə nəvə bəxş edə bilər. Mən daha yaxşı günlər görə bilərəm. Bu günləri gözləyirəm. Mən onun dadını çıxartmaq istəyirəm.

- Siz onun dadını çıxartmaq istəyirsiz. Amma xəbəriniz var bəzi müğənnilər "nənə" sözündən qorxurlar?

- Xeyir, mən heç də qorxmamışam o sözdən. Bunu qebul etmək mənim üçün o qədər də çətin olmayacaq. Həyatda elə gözəl dəyərlər var ki... "Nənə" sözü niyə qorxulu olsun ki?

- Uşağınızdan söz düşmüşkən. Nə edir balaca Nərgiz?

- Yaxşıdır, şükür Allaha, böyüyür. Bu il ilk dəfə məktəbə qədəm qoydu.

- Bacısı və qardaşı yoxdur. Niyə uşağı sevindirmirsiz?

- Ürəyimdə deyirəm ki, kaş gözümü açıb görərdim ki, Nərgizin həm bacısı var, həm də qardaşı.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə