Tolik Elza Seyidcahanı biabır etdi QALMAQAL

“O, bir azdan aftafa ilə gəzəcək”
Tolik Elza Seyidcahanı biabır etdi QALMAQAL

Azərbaycanın əməkdar artisti, bəstəkar Elza Seyidcahanın xalq artisti, pop diva Aygün Kazımova haqda dediyi nalayiq sözlərə cavab özünü çox gözlətməyib. Elza Seyidcahanın xalq artistinin ünvanına səsləndirdiyi "Aygün Kazımova şərəfsiz, ləyaqətsiz və şeytanlaşmış adamdır. O, tortu mənə ona görə təqdim etməyib ki, xəyanətkardır, xaindir, xalqını sevməyən biridir" sözlərinə Kazımovanın prodüsseri Tolik (Tarix Əliyev) cavab verib. SİA-ya eksklüziv açıqlamasında prodüsser qeyd edib ki, dünən tanınmış xəz dəri şirkətinin şərəfinə qurulan tədbirdən sonra baş verən olayın səbəbi Elza Seyidcahanın ora dəvətsiz gəlməyidir: "Elza Seyidcahana demək istəyirəm ki, dəvət olunmayan yerə gedəndə, belə olur. Bu müğənni o təqdimata çağırılmamışdı. Tədbirin rəhbərliyi ilə danışdım, öyrəndim ki, həqiqətən də Elza Seyidcahan ora dəvətsiz gəlib.

Xalq artisti İlhamə Quliyeva ilə Aygün Kazımova bir masada əyləşmişdilər. Elza Seyidcahan isə hər zaman olduğu kimi harda aş orda baş idi. Gedib oturdu onların yanında. Əslində dünyada baş verən ən mühüm proseslərdən və digər ölkələrin mədəniyyətindən xəbərsiz olan insandan bundan artıq nə gözləmək olar? Özü də Seyidcahan ora tədbirin sonunda gəlib".

Tolik Elza Seyidcahanın "şərəfsiz və ləyaqətsiz" sözlərinə də münasibət bildirib: "O hansı şərəf və ləyaqətdən danışır? Onun yadına bir hadisəni salmaq istəyirəm. ANS telekanalında Elza Seyidcahanla bir verilişdə iştirak edirdim. Bu adam verilişdə özünə "diva"lara layiq səbət sifariş vermişdi. Mən də ondan soruşdum ki, bu səbəti kim göndərib? Mənə dedi ki, ürəyin istəyir, denən sən gətirmisən. Mən də dedim ki, yox, bunu edə bilmərəm. Onda mən heç Aygün Kazımova ilə işləmirdim. Yəni, bu insan özü-özünü reklam edənin biridir. İndi ona bir daha səslənirəm, özünü reklam etmək istəyirsə, Aygün xanımın adından istifadə etməsin! Aygün xanım onun səviyyəsinə düşüb, cavab verməyəcək. O öz cavabını Aygün xanımın işçilərindən alacaq. Əli Mirəliyev elə düz deyib ki, Elza Seyidcahan musiqidən bixəbərdir".

Prodüsser Elza Seyidcahanın "Özümə nifrət edirəm. Allah məni belə məclislərdən uzaq tutsun" sözlərinə də münasibət bildirib: "Bəli, özünüzə nifrət edin ki, dəvətsiz yerə gəlirsiz və belə də olur. "Çömçə ilə qaşığın yeri səhv düşür". İndi Elza Seyidcahan bildirib ki, o, ancaq sənəti ilə məşğuldur. Deyir ki, mən iki ildir təmənnasız şəkildə ATV-də yayımlanan "Tanıdım səni" layihəsində iştirak edirəm və ucqar kəndləri gəzirəm. İndi Seyidcahan demək istəyir ki, guya o layihənin "ulduzu"dur. Mən isə bilirəm ki, bir çox müğənnilər o layihədə Elza Seyidcahan var deyə iştirak etməkdən imtina ediblər. Düz deyirlər də... Bir gün başına ayaqqabı, bir gün "qarşok" qoyan müğənnidən nə gözləmək olar? O, bir azdan aftafa ilə gəzəcək".

Onu da bildirək ki, biz sözügedən məclisin səbəbkarları və adıçəkilməyən xəz dəri şirkətinin sahibi Elmar müəllimlə də əlaqə saxladıq. SİA-ya açıqlama verən şirkət sahibi də təsdiqlədi ki, o Elza Seyidcahanı tədbirə dəvət etməyib: "Mənim Elza Seyidcahandan xəbərim yoxdur. Mən o məclisə iki xalq artisti - İlhamə Quliyeva və Aygün Kazımovanı dəvət etmişəm. Elza Seyidcahana isə televiziya kanalından deyilib. Ancaq məclisimizin ətrafında baş verən olaydan belə nəticəyə gəldik ki, bizim bundan sonrakı tədbirlərimizdə Elza Seyidcahan iştirak etməyəcək. Buna mən imkan verməyəcəm. Çünki bir tikə torta görə bu cür söz-söhbət və belə nalayiq sözlər lazım deyildi".

Bütün xəbərlər Facebook səhifəmizdə