Gənc olmasına baxmayaraq böyük uğurlara imza atan milli musiqi aləti olan tarın mahir ifaçısı Humay Qədimova öz sənəti ilə bağlı maraqlı açıqlama verib. Musiqiçi özünü ifaçı kimi sınayaraq, bu işin də öhdəsində gəldiyini sübut edib. H.Qədimova SİA-ya deyir ki, o, Azərbaycanın korifey sənətkarlarının repertuarlarında olan və unudulan mahnıları öz repertuarına salacaq: "Mənim bütün həyatım musiqidən ibarətdir. Tar mənim vurğun olduğum sənət və yiyələndiyim peşədir. İllərdir bu sənətdə sözün həqiqi mənasında külünc vururam. Sözsüz, tardan o tərəfəsi mənim üçün yoxdur. Amma düşündüm ki, səsim var və niyə də çox sevilən sənətkarlarımızın ifasında dinlədiyimiz mahnıları oxumayım, yada salmayım? Elmira Rəhimovanın repertuarına müraciət etdim və "İntizarındayam" mahnısı çox bəyənildi. Amma bir daha bildirmək istəyirəm ki, müğənniliyə bir peşə kimi yox, hobbi kimi baxıram. Amma hər bir halda gördüyüm hər işi peşəkarcasına görməyə üstünlük verirəm və daima öz üzərimdə çalışıram".
Humay Qədimova tarı Azərbaycan musiqisinin çox böyük sərvəti adlandırıb: "Tar böyük bir sərvət, sənət, həyatdır. bəziləri bu sənətin kökü, bəziləri gövdəsi, bəziləri budağı, bəziləri yarpağı, çox təəssüf ki, bəziləri heç yarpağın üzərində toz belə deyillər. Mən isə bu sənətdə şah damar olan budağam. Kimin nə deməyindən asılı olmayaraq, hər şey göz önündədir. Sənətimdə xanımlar arasında liderəm. Hamı fonoqramla sənətə gəlir. Mən isə hər zaman üstünlüyü canlı ifalara verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB