Kimsəsiz uşaqlar da sevindi

Dünən 3 saylı İnternat evində ağıldan kəm və qüsurlu uşaqlar üçün kiçik konsert proqramı təşkil edilib. SİA-nın verdiyi məlumatına görə, proqramda İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Suleymanova iştirak edib və qüsurlu uşaqlar haqda danışıb: "Uşaqlar bizim gələcəyimizdir. Bunu unutmaq olmaz. Bəzi valideynlər bu uşaqları dünyaya gətirir, sonra da atırlar. Amma dövlətimiz onlara yiyə çıxır. Mən əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm. Bura gəlib, uşaqlar üçün oxuyan və onları az da olsa sevindirən müğənnilərimiz də sağ olsunlar".

Konsertin əsas müğənnisi Zamiq Hüseynov əlil uşaqları salamlayıb, onlar üçün ən sevilən mahnılarını ifa edib. 40 dəqiqəyə yaxın çıxış edən müğənni qüsurlu uşaqlarlarla şəkil çəkdirərək onların Ramazan bayramını təbrik edib.

Konserti təşkil edənlər sırasında müğənninin prodüseri Elnur Həsənovun da zəhməti keçib. Uşaqlar üçün süfrə açmaqda yardımçı olan Elnur açıqlayıb ki, tədbirin maddi tərəfinə yardım edənlər sırasında adının çəkilməsini istəməyən xeyriyyəçi insanlar da var.

Proqramın sonunda səhnəyə müğənni Sevda Yahyayeva da çıxıb. İfaçı mahnıları ilə uşaqları əyləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə