Kimsəsizləri sevindirmək üçün qonorar tələb edən şou-biznes əhli!

Kimsəsizləri sevindirmək üçün qonorar tələb edən şou-biznes əhli!

Müqəddəs Ramazan bayramı münasibəti ilə Bilgəh qocalar evində xeyriyyə tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, ahıl yaşlı insanları sevindirənlər isə gənclər olub. İki gənc xanım Zeynəb Əliyeva və Turanə Qasımova ildə bir neçə dəfə bu cür tədbirlərlə həm kimsəsiz uşaqları, həm də qocaları təbrik edirlər. Zeynəb və Turanə bu cür mərasimlərdə şou-biznes əhlinə müraciət edirlər. Xeyriyyə tədbirinin əsas hissəsi də müğənnilərin çıxışından ibarət olur. Dəvət edilən müğənnilərin əksəriyyəti isə bu cür tədbirlərdən boyun qaçırırlar.

Beləliklə, dünənki mərasimə dəvət olunub gəlməyənlər sırasında Nadir Qafarzadə, Niyam Səlami, Rəqsanə İsmailova, Emil Bədəlov, Xatun, Xuraman Şuşalı, Günel Ələkbərova, Aysel Əlizadə, Lamiyyə Novruzova, Səidə Sultan, Elnarə Xəlilova, Ayaz Qasımov, Elçin Cəfərov, Kamil Cəfərov, Sadiq və "Qala" qrupunun solisti Ceyhunun adları var. Üstəlik adıçəkilən müğənnilər söz verdikləri halda tədbirdə iştirak etməyiblər.

Təşkilatçıların sözlərinə görə, bəzi müğənnilər kimsəsiz qocalar evində çıxış etmək üçün qonorar tələb ediblər. Digərləri isə tədbiri heç bir televiziya kanalı işıqlandırmadığı üçün gəlməyəcəklərini açıqlayıblar. Mərasimə qədər söz verənlər isə həmin gün vacib işləri çıxdığını açıqlayıb, tədbirə gəlməyiblər. Daha bir yalanı isə tədbirin aparıcılıq missiyasını üzərinə götürən Murad Əzimzadə danışıb. Teleaparıcı tədbir gününə qədər gələcəyini dəfələrlə dilə gətirsə də, son anda o da imtina edib. Son dəqiqələrdə isə tədbiri Əli Dünya adlı gənc ifaçı aparıb.

Ancaq mərasimdə qocaları sevindirən müğənnilərimiz də tapılıb. Yaşar Yusuf, Zarina Məmmədova, Günay İbrahimli və "Əhli beyt" adlı dini ifaçılar qrupu öz çıxışları ilə kimsəsiz qocaların könlünü açmağa çalışıblar. Onların bu cür halını görən Günay İbrahimli isə göz yaşlarını saxlaya bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə