Azərbaycanın tanınmış bəstəkarı Pərviz Mahmudov ona uğur qazandıran mahnılardan söz açıb. Yay mövsümünün olmasına baxmayaraq dincəlmək fikri olmadığını dilə gətirib. SİA-ya açıqlama verən bəstəkar sevənlərinə məhsuldar işləyəcəyinə söz verib: "Son iki il mənim üçün çox məhsuldar oldu. Amma buna baxmayaraq dincəlmək fikrim yoxdur. Çünki qarşıdan yeni mövsüm gəlir. Dinləyicilərimi sevindirmək istəyirəm. Musiqiçi Azad İsayevin sözlərinə yazdığım Röyanın ifasında "Son görüş" və Leyla Ramazanlının oxuduğu "Nələr oldu" mahnılarının uğur qazanacağına əmin idim. Bu yaxınlarda isə daha 3 populyar müğənninin ifasında yeni bəstələrimi eşidəcəksiniz. Sözügedən müğənnilərin adlarını hələ ki, gizli saxlayıram. Uğurlarıma sevinən dostlarım çoxdur. Hörmətli, istedadlı, peşəkar və illərini bu sənətə verən bəstəkarlar zəng edib, xoş sözlər deyib, uğurlar arzulayırlar. Buna çox sevinirəm. Lakin ana südündən yeni ayrılan körpə müəlliflər isə mənim mahnılarımla müqayisələr aparmağa çalışırlar. Onların bu cür davranışına mən heç rəqabət də demirəm. Hələ hansısa müğənni debütünü onların mahnısı ilə etsə və həmin mahnı sevilsə, onların qarşısında durmaq olmaz",-deyə Pərviz fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB