Azərbaycanlı müğənni YAP Gənclər Birliyinin dəstəyi ilə layihə hazırlayıb– FOTO

Azərbaycanlı müğənni YAP Gənclər Birliyinin dəstəyi ilə layihə hazırlayıb– FOTO

Bu gün Azərbaycanın tanınmış müğənnisi Xuraman Şuşalının "Azərbaycan" adlı mahnıya çəkdirdiyi klipinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, sözügedən klip Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, müğənni Xuraman Şuşalı, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov tədbir haqda danışıb: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi təşkil etdiyi müxtəlif tədbirlə ölkə gəncliyinin vətənə məhəbbət ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl işlərini davam etdirməkdədir. Bununla bağlı YAP Gənclər Birliyi özünün həyata keçirdiyi layihələrdən əlavə bu səpkili müxtəlif layihələrin reallaşması üçün də təşkilatçılıq edir. Belə layihələrdən növbətisi Xuraman Şuşalının vətənpərvərlik mövzusunda çəkdirdiyi klipdir. Sözügedən xanıma uğurlar arzu edirəm".

Daha sonra tədbirdə söz alan səbəbkar Xuraman Şuşalı çıxış edərək 12 ildir Yeni Azərbaycan Partiyasının üzvü olduğunu dilə gətirib: "YAP Gənclər Birliyinin üzvü olduğuma görə, fəxr hissi duyuram".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "Azərbaycan" adlı klipin vətənpərvər ruhda çəkildiyini və gənclərə öyüdverici klip olduğunu söyləyib: \"İstərdim ki, "Azərbaycan" klipinin sözləri başqa dillərdə də tərcümə olunsun".

Xatırladaq ki, "Azərbaycan" adlı mahnının sözləri elə müğənninin özünə məxsusdur. Həmin mahnının musiqisi isə Hatəm Nəbioğluna aiddir. Klipin ekranlaşması isə Elçin Məmmədova həvalə olunub.

Qeyd edək ki, mərasimdə sonda "Azərbaycan" klipi nümayiş olunub.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə