Azərbaycanlı modelin türkiyəli həyat yoldaşından şok açıqlamalar – FOTOSESSİYA

Azərbaycanlı modelin türkiyəli həyat yoldaşından şok açıqlamalar – FOTOSESSİYA

Tanınmış türkiyəli aktyor Tolqa Karel müsahibə verib. SİA həmin müsahibəni diqqətinizə çatdırır:

- Tolqa bəy, azərbaycanlı model Günay Musayeva ilə ailə quranda bunun qısamüddətli olacağı uzun müddət mediada müzakirə olundu. Buna reaksiyanız necə oldu?

- Sadəcə o deyil, hətta deyirdilər ki, reklam xatirinə evləniblər, bir ay sonra boşanacaqlar. Nə qədər səhvim olsa belə, heç vaxt kompleksin, eqonun dalınca qaçan biri olmadığım üçün deyilən sözləri ciddiyə almadım. Günayla \"Best Model\" müsabiqəsində tanış olduq. Fikirlərimi bir gecədə dəyişən, məni özünə, mədəniyyətinə, davranışına aşiq etdirən biri oldu Günay. O, özünə güvənən və mədəniyyətli bir xanımdır. Hər zaman xəyal etdiyim bir xanımla ailə qurduğum üçün xoşbəxtəm. Hərdən mənə elə gəlir ki, mən Günayla uzun illərdir evliyəm. Sanki onu illərdir tanıyıram. Bəzən də mənə elə gəlir ki, Günay hər zaman mənim yanımda olub. Bəlkə də bu, hər zaman xəyallarımda onun kimi qadın axtarmağımla bağlıdır. Evliliyimə heç də peşman deyiləm. İnşallah, 3 həftə qaldı. Oğlum olacaq. Ata olmağa hazırlaşıram. Bir az vaxt keçsin, bəlkə ikinci uşaq barədə də fikirləşərik.

- \"Doğuma 3 həftə qaldı\" dediniz. Tolga ata olmağa hazırdırmı?

- Bu müddət ərzində bir şeyi anladım, analıq doğuşdan, atalıq sonradan yaranan hissdir. Atalıq məsuliyətini artıq hiss etməyə başlamışam. Əlimdən gələn qədər Günaya yardımçı olmağa çalışıram. Hamiləlik qadın üçün çətin dönəmdir. Düşünün, bətnində canlı daşıyır, uşağın sağlam olması, inkişafının yüksək səviyyədə keçməsi üçün gündə 10 həb içir. Əsəblərini qoruması və stressdən uzaq durması üçün əlimdən gələni edirəm. Günay vəziyyəti ilə bağlı aqressivləşir, şükür, hamiləlik dönəmini bərabər rahat arxada qoyduq. Əlimdən gəldiyi qədər Günaya yaxşı ər olmağa çalışıram. Ev alış-verişini belə, özüm edirəm. Heç nəyə əlinin ucu ilə toxunmağa belə, icazə vermirəm. Mənim üçün önəmli olan, onun dünyaya sağlam övlad gətirməsidir. Novruz bayramı ərəfəsində Günay ailəsinin yanına, Azərbaycana getmişdi. Gəlincə, ona surpriz olsun deyə, uşağın yataq otağını və lazımlı bütün paltarlarını, hətta bezinə qədər alıb xanımıma sürpriz hazırladım. Ümumiyyətlə, Günay sürprizləri sevir, mən də vaxtaşırı ona zinət əşyaları və sevdiyi-seçdiyi, istədiyi hər şeyi alıram. Onu xoşbəxt etməyi sevirəm.

- Hamiləlik dönəmində Günay sizə nə kimi çətinliklər yaşatdı?

- Dekabr ayında qarpız istədi. Tapdım. Gürcü xəngəlini çox sevir, bu aralar çox yedi. Onu da İstanbulda asan tapmaq olmur. Hormonal dəyişiklik olduğu üçün Günay daha da duyğusallaşıb. Hər şeyə ağladığı vaxtları da oldu. Günay bir az sərt qadındır, amma hamiləlik onu dəyişdi. İlk dəfə belə bir həyat yolculuğuna çıxdıq, məncə, bərabər böyüyüb, bərabər uşaqlarımızı böyüdərək özümüz də böyüyəcəyik. Mənim üçün ən xoşbəxt an, həyat yoldaşıma sarılıb yatdığım vaxtdır. Allah nəzərdən saxlasın, inşallah, bərabər yaşlanarıq. Bu arada oğlumuza ad da seçmişik. Cihangir Can Karel. Oğlumun adında \"Can\"ın olmasını Günay istədi.

- Tolqa bəy, aktyorluğa qədər bir çox sahədə çalışmısınız. Təhsiliniz nədir?

- Paris Dövlət Konservatoriyasına daxil olmazdan qabaq iki il Yeditepe Universitetində Beynəlxalq Münasibətlər fakültəsində fransızca siyasət bölümündə təhsil aldım. Film sektoruna \"Evdeki yabançı\" serialında rol almaqla qatıldım. 3-4 il aktyorluq fəaliyyətimə ara verib musiqi sektorunda işlədim. Albom buraxdırdım. Mahnılarımı Türkiyənin məşhur müğənniləri oxudu. Şöhrərtimsə \"Yaprak dökümü\" serialındakı \"Oğuz\" rolundan sonra gəldi. 27 yaşındaydım sözügedən serial çəkiləndə. Həyata baxışımı dəyişdi və Parisdə öyrəndiklərim azad ruhumun köməyimə çatdı. Ortaya keyfiyyətli məhsul çıxdı. Düzdür, Fransadakı mədəniyyətlə Türkiyədəki mühitə öyrəşməyim çətin oldu. Amma əmək sərf etmədən heç bir iş alınmaz deyiblər. Əməyim nəticəsində bir çox çətinlikləri geridə buraxdım.

- \"Yaprak dökümü\"ndən sonra bir müddət seriallara ara verdiniz. İki illik fasilədən sonra "Bir zamanlar Osmanlı Kiyam"la yenidən ekrana qayıtdınız…

- \"Yaprak dökümü\" başa çatanda bir çox layihələr üzərində işə başlamam üçün təkliflər aldım. Amma razılıq vermədim. Osmanlı layihəsinə görə bir milyon dollarıq işdən imtina etməli oldum. \"Bir Zamanlar Osmanlı Kıyam\"a çox inandım. Bir də \"Yaprak dökümü\" kimi irimiqyaslı layihədən sonra hər işə razılıq vermək istəmədim. \"Yapraq dökümü\" dünyanın 50 ölkəsində 200 milyondan artıq tamaşaçının izlədiyi bir serialdır. Hazırda Azərbaycanda yayımlandığından xəbərdaram. Hətta Azərbaycanca da danışmağı öyrətmisiz mənə. Vaxtım olanda serialı fərqli dildə izləməyi sevirəm. Həyat yoldaşımın azərbaycanlı olmasına baxmayaraq hələ də dilinizi tam öyrənə bilməmişəm. Amma mənə xoş olan bir çox sözləri bilirəm. İnşallah Bakıya gələndə məncə orada azərbaycanca danışa bilərəm. \"Bir Zamanlar Osmanlı Kıyam\"a gəlincə \"Yaprak dökümü\"ndən sonra pul qazanmaq xatirinə hər hansı bir işə qol qoymağım mənasız olardı. İlyarım layihənin hazırlığı sürdü. Serial efirə çıxanda tamaşaçıların fikirlərini görüncə şoka düşdüm. Və nə yaxşı ki məhz \"Bir Zamanlar Osmanlı Kıyam\"da çəkilməyə qərar verdim dedim. İlyarım pul qazanmadım, gözlədim, səbr etdim. Ailə qurdum, bununla yanaşı serial hazırlıqları ilə məşğul oldum. Altı ay at minmə, 4 ay gladiator dərsləri aldım.

- Serialdakı rolunuz barədə məlumat verərdiniz…

-Serialda \"Kasım\" xarakterini canlandırıram. Bizim müraciət etdiyimiz mövzu Osmanlının İmperiyasının indiyədək az müzakirə olunan qaranlıq bir dönəmidir. Əslində mənfi qəhrəmanı oynayıram. Məhz bu rolum üçün ciddi imic dəyişikliyi etdim. \"Yaprak Dökümü\"ndəki Oğuzdan fərqli olaraq \"Kasım\" daha cevval bir xarakterdir. \"Oğuz\" və \"Kasım\"ın tipojları fərqlidir.

- Serialda sizinlə yanaşı bir çox məşhurlar rol alıb. Tərəf müqabiliniz türk filminin əfsanəsi Türkan Şoraydır. Onunla bir serialda oynamaq necə bir hissdir?

- İlk öncə böyük məsuliyyətdir. Türkan Şoray çox dəyərli və qarşısındakına qiymət verməyi bacaran bir insandır. Kamera qarşısında necə olduğunu bütün Türkiyə, eləcə də bir çox ölkələrin tamaşaçıları bilir. Kamera arxasında isə ekrandakından da mülayim və gözəl auralı bir insandır. Xeyirxah və insansevərdir. Türkan xanım \"Osmanlı Kiyam\"da \"Sultan\" obrazını yaradır. Həqiqətən də sultanlığa layiq bir insandır. Oynamasa belə serialda duruşu yetərlidir. Aktyor kimi özümü şanslı saya bilərəm. Çünki bu günədək Türkiyənin qaymaqları ilə çalışmışam. Karyeramın bu nöqtəsində isə Türkan Şorayla tərəf müqabili olmağım ayrı bir şərəfdir.

- \"Bir Zamanlar Osmanlı Kıyam\" artıq bir çox ölkələrə satılıb. Seriala olan maraq nədən qaynaqlanır?

- Bu türk tarixinə olan maraqdandır. Layihənin Yunanıstana satıldığını eşidəndə sözün düzü buna inanmadım. Bununla yanaşı Bosnya, Serbiya, Balkan və orta Asiya, o cümlədən Ərəb ölkələrində də seriala maraq böyükdür. Düşünürəm 10 il ərzində Türkiyə Orta Asiya və Balkanların Hollivudu olacaq. Düzdür, Azərbaycanda \"Yaprak dökümü\"nü izləyirlər, ancaq reportajım vasitəsi ilə Azərbaycandakı sevənlərimə demək istəyirəm ki, \"Bir Zamanlar Osmanlı Kıyam\" serialını da izləsinlər. Hər həftənin bazar ertəsi TRT 1-də Osmanlı tarixini anladan maraqlı ekran əsəri ilə tamaşaçıların qarşısına çıxırıq. Serial Avropanın ən böyük çəkiliş meydançasında çəkilir. Serialın çəkilişləri İzmitdə məxsusi olaraq bu iş üçün hazırlanan, dəyəri 12 milyon dollar olan pavilyonlarda aparılır.

- Sonda Azərbaycandakı sevənlərinizə bu günlük son sözünüz…

- Mən xalqlarımız arasında ayrıseçkilik salıb onları bölmək istəməzdim. Biz eyni kökdənik. Mədəniyyətimiz, insanpərvərliyimiz çox oxşardır. Ən yaxın zamanda Azərbaycana gələcəyəm. Düzdür, ölkənizə gəlməsəm də Günayın sayəsində tarixinizdən, mətbəxinizdən yetərincə məlumatlıyam. İnşallah, yaxın zamanlarda Bakıda görüşərik.

Bütün xəbərlər Facebook səhifəmizdə