Tanınmış vizajist məcburi şəkildə hicabdan çıxdı - EKSKLÜZİV-FOTO
Ailə qurduqdan sonra, uzun illərdir hicaba keçən tanınmış rəssam-vizajist, teleaparıcı Turan İbrahimovun həyat yoldaşı Nərmin İbrahimova artıq hicabdan çıxıb. Fotokameramıza tuş gələn Nərmini hicabsız və bir az qayğılı görərkən, biganə qala bilmədik. Ürəyini SİA-ya açan Nərmin söhbətimiz zamanı hicabdan çıxmasının əsl səbəbini bizimlə bölüşdü. Səhhətində bəzi problemlər yaşayan vizajist qaranlıq məqamlara da aydınlıq gətirdi: "Uşaqlıqdan başımda problemlər, ağrılar var idi. Hicaba keçəndə də həkimlər məhz bunu nəzərə alıb, narazılıq bildirdilər. Ancaq mən heç nəyi nəzərə almayıb, bu istəyimi həyata keçirdim. Hicabda gəzmək mənim üçün çox xoş idi. Əfsuslar olsun ki, indi səhhətimdə problem var. Başı bağlı olanda damar sıxlığından əziyyət çəkirəm. Eyni zamanda saçlarım tökülür. Üstəlik ailəmdə bəzi problemlər də oldu. Bu isə məni daha da sıxdı. Hicabımı açdıqdan sonra rahat oldum. Başım bağlı olanda ağrılarım çox olurdu, rahat işləyə bilmirdim, əsəblərim pozulurdu, gərgin olurdum. Çünki başıma hava dəymirdi. Bu isə səhhətimə mənfi təsir edirdi.
İndi mualicə alıram. Ümid edirəm ki, tez bir zamanda sağalacağam. Müalicəm bitsin, İnşallah, qismət olarsa yenidən hicaba keçəcəm. Ancaq yenə də orucumu tutub, namazımı qılıram".
Hicabdan çıxdığı üçün üzülən və pərişan olan məşhur vizajist Allah tərəfindən bağışlanmağı arzulamaqla yanaşı hicablı xanımlardan da üzr istədi: "Dua edirəm ki, Allah günahımdan keçsin. Ancaq bilirəm ki, o, mənim bu hərəkətimi bağışlamayacaq. Nəzərinizə çatdırım ki, mən başımı bağlayanda bir çox xanımları da hicaba gətirdim. Məhz mənim sayəmdə onlar başlarını bağladı. Ancaq indi mən hicabdan çıxdım və onların ümidlərini puç elədim. Buna görə o xanımlardan üzr istəyirəm.
Hicab sözündə böyük məna var. Çox istəyərdim ki, bu hərəkətim, Əstəğfrullah, hicabı dolamaq kimi çıxmasın. Heç kəs məni qınamasın. Çünki mən işləyən, əziyyət çəkən xanımam. Mən səhər evdən çıxıb, işimə gedib, birdə lap axşam qayıdıram. İşim çox gərgindir, əziyyət çəkirəm. Düzdür, heç nə bu hərəkətimə əsas verməməlidir. Çünki elə insanlar var ki, ən çətin şəraitdə belə oruc tutub, namaz qılırlar. O cür insanların imanları qarşısında baş əyirəm. Allaha da qurban olum, mənə kömək edər, İnşallah".
Dərdini bizimlə bölüşən Nərmin bir az da şəxsi həyatı haqda danışdı: "Bu addımı atanda, atam, anam və yoldaşımla məsləhətləşdim. Onlar da məni başa düşdülər. Düzdür, bu iş yalnız Allahla mənim aramanda olan məsələdir. Ancaq yenə də məsləhət aldım. İndi ailəmdə vəziyyət yaxşıdır. Bir oğul anasıyam. Yenidən ana olmağı düşünmürəm. Bütün ömrümü ancaq bir oğluma həsr edəcəyəm",- deyə Nərmin əlavə etdi.
Şəxsi həyatını və səhhətini kənara qoyan Nərmin yeni işləri haqda da ağızdolusu danışdı: "İnşallah, oktyabr ayında rəsm əsərlərimlə bağlı sərgi açmaq istəyirəm. Ancaq bundan başqa da həyata keçirəcəyim daha böyük layihələrim var. Allahın köməkliyi ilə yeni proyektlərim çoxdur. Əvvəllər sənətimi kənara qoymuşdum. Ancaq indi sırf sənətimlə məşğul olacağam".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB