Şou-biznes əhli “Eurovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsinə necə baxır?-SORĞU

Şou-biznes əhli “Eurovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsinə necə baxır?-SORĞU

Azərbaycan hər il olduğu kimi bu il də "Eurovision 2012\" mahnı yarışmasına qatılıb. "Eurovision 2011\"-in qalibi olan Azərbaycan bu il də inanırıq ki, layiqincə vətəni təmsil edərək birinci yerə layiq görüləcək. Bu il sözügedən yarışda Səbinə Babayevanın bizi təmsil edib-edə bilməyəcəyi haqda şou-biznes əhli arasında sorğu keçirdik. Ulduzlardan özlərinəməxsus cavablar aldıq. Sözügedən sorğunu sia.az oxucularına təqdim edirik.

Günel Ələkbərova: "Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə hazırdır. Ancaq bir az qonaqpərvər olduğumuz üçün öz yerimizi qardaş ölkələrdən birinə də verə bilərik. Əgər "Eurovision 2012\" mahnı müsabiqəsində qalib gələ bilməsək belə biz birinciyik. Çünki sözügedən yarış vətənimizdə keçirilir. Əsas odur ki, dünyanın gözü bizdə olacaq".

Firuzə İbadova: "Eurovision" mahnı yarışmasının Bakıda keçirilməsini çox yaxşı qarşılayıram. Çünki Azərbaycanı bütün dünya tanıyacaq. Ümumiyyətlə, hansı yarışa getsək, hər zaman birincilik bizim olub. İnanıram ki, sözügedən yarışda bu il də qalib gələcəyik. Azərbaycanı təmsil edən Səbinə Babayevanın yaxşı səsi var. Bu ilki "Eurovision" mahnı müsabiqəsindən çox şey gözləyirəm".

Nazim Faytonçu: "Azərbaycan neçə illərdir ki, "Eurovision" mahnı müsabiqəsində ön sıralardadır. Görkəm baxımından da çox gözəl olacaq. Təmir işləri sürətlə davam edir".

Xatirə İslam: "Azərbaycan "Eurovision" mahnı yarışmasına bizim yollarla hazır deyil. Çünki bura gələn xarici vətəndaşlar mənim kimi tıxaclarda qalacaqlar. Bizi sözügedən müsabiqədə təmsil edən Səbinə xanım üzərində yaxşı işləməlidir. "Eurovision"u təmsil etmək üçün Moskvadan gələn yaşlı qadınları bəyənmədim. Onların Azərbaycana gəlməyi yersizdir".

Nüşabə Ələsgərli: " Azərbaycan "Eurovision" mahnı yarışmasına musiqi baxımından hazırdır. Ancaq yolların tıxaclı və bağlı olması problemlər yaradacaq".

Rüfət Axundov: "Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi bizim üçün müsbət haldır və Bakımız həmin müsabiqəyə tam hazırdır. Çünki təmir işlərindən də hiss olunur. "Eurovision" 2011-ci ildə keçiriləndə Afrikada idim. Azərbaycan birinci yerə çıxanda mən çox sevindim. Sözügedən müsabiqənin paytaxtımızda keçirilməsi bizim fəxrimizdir. Sözügedən mahnı musabiqəsi ilə dünyaya meydan oxuyacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə