Azərbaycanın əməkdar artisti konsert verəcək

Azərbaycanın əməkdar artisti konsert verəcək

Azərbaycanın əməkdar artisti, qadın xanəndələr arasında özünəməxsus səs tembri ilə seçilən Bəsti Sevdiyeva solo-konsert proqramı ilə çıxış edəcək. Sənətkarın SİA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsert 9 apreldə, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

Hal-hazırda konsertə ciddi hazırlıq görərək məşqlər edən Bəsti Sevdiyeva gözlənilən konsertin hesabat xarakterli olduğunu söyləyib: \"Bu mənim solo xarakterli hesabat konsertimdir. Konsertin uğurlu alınması üçün hazırda gərgin məşqlər gedir. İnanıram ki, hər şey yüksək səviyyədə olacaq. 2006-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında verdiyim solo konsertimdən fərqli olacaq. Fərq ondadır ki, o zaman mən ikinci hissədə "Rast" muğamını oxumuşdum. Bilirsiniz ki, bu muğam da bizim ən böyük muğamlarımızdandır. Mən öz müasirlərim arasında \"Rast\" muğamının ilk ifaçısı olmuşam. \"Humayun\" və \"Rast\" səs tembrinə görə çox az ifa olunurlar. Çünki \"Humayun\" yox, \"Rast\" kişi səsinə uyğun olduğuna görə hər qadın xanəndə bu muğamlara müraciət edə bilmir. Yenə də deyirəm, bu muğamları öz müasirlərim arasında ilk dəfə mən ifa etmişəm. Məndən sonra oxuyublar - oxumayıblar, onu deyə bilmərəm. Amma məndən qabaq Həqiqət Rzayeva oxuyub".

Xanım xanəndəmiz konsertin gedişatından da ağızdolusu danışıb: "İki hissəli konsertin birinci hissəsində böyük muğamlardan biri olan \"Humayun\" ifa olunacaq. İkinci hissədə isə qədim xalq mahnıları, təsniflər və bəstəkar mahnıları səslənəcək\",-deyə Bəsti xanım fikirlərini tamamlayıb.

Qeyd edək ki, xanəndəni Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına xalq çalğı alətlərinin ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri respublikanın xalq artisti Ağasəlim Abdullayevdir.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə