\"Bakı 2020\" imzatoplama kampaniyasına Prezident və xanımı dəstək oldu

\"Bakı 2020\" imzatoplama kampaniyasına Prezident və xanımı dəstək oldu

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda baharın gəlişi ilə bağlı təşkil olunmuş Novruz şənlinklərinə baş çəkərkən Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün keçirilən imzatoplama kampaniyasına öz imzaları ilə dəstək olublar. SİA-nın xəbərinə görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları Qəmər Əlizadə, Kənan Abbaslı və Ozal Rəhimov ölkə başçısına və birinci xanıma imzatoplama kampaniyası haqqında məlumat verərək, onların imza vərəqələrini qeydə alıblar. Beş gün ərzində Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibiliyinə namizədliyini dəstəkləyən 100.000-dən çox imza toplanılıb.

Kampaniyanın uğurla keçdiyini qeyd edən Bakı 2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva bildirib: "Bu imzalar Azərbaycanın bütün şəhər və rayonlarında Bakı 2020 Təşkilat Komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən dəstək kampaniyası çərçivəsində toplanmışdır. Qısa müddətdə yığılan çoxsaylı imzalar Azərbaycan xalqının Olimpiya və Paralimpiya oyunlarının ölkəmizdə keçirilməsinə dəstəyinin göstəricisidir".

O, həmçinin qeyd edib ki, bu göstəricilər yaxın vaxtlarda beynəlxalq müstəqil sorğu təşkilatı tərəfindən aparılmış sorğunun nəticələri ilə üst- üstə düşür. Beləki həmin sorğunun nəticələrinə görə ölkə əhalisinin 95% -i Bakıda Olimpiya oyunlarının keçirilməsini dəstəkləyir.

Xatırladırıq ki, Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi üçün keçirilən dəstək imzatoplama kampaniyası 14 mart Bakı 2020 Təşkilat Komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən start götürüb. Olimpiya çempionları Fərid Mənsurov və Zemfira Meftahəddinova dəstək imza kampaniyasının başlamasında birbaşa iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə