Xatirə İslamın konsertində yaşanan ən maraqlı məqamlar-FOTOSESSİYA

Xatirə İslamın konsertində yaşanan ən maraqlı məqamlar-FOTOSESSİYA

Dünən Azərbaycan Dövlət Opera və Balet Teatrında məşhur müğənni Xatirə İslamın növbəti solo konserti keçirilib. SİA-nın məlumatına görə, başıbəlalı konsert bir çox xırda nüanslarla yadda qaldı.

Bir dəfə təxirə düşən və dünən baş tutan konsertdən öncə bəzi problemlər yaşandı. Kulisdə baş verənləri yoluna qoymağa çalışan müğənni bu səbəbdən səhnəyə təxminən 1 saat gec çıxdı. Ancaq əsl problem məhz elə bundan sonra başladı. İkinci mahnıdan sonra zalda işıqlar söndü, bu isə bütün texniki avadanlığı sıradan çıxartdı. Təbii olaraq mikrafon söndü və fonoqram kəsildi. Özünü itirməyən müğənni "minusofka" ilə oxuduğunu açıqladı: "Mənim ifam canlı idi. Sadəcə konsertimiz estrada mahnılarından ibarət olduğu üçün mahnının musiqisi fonoqram idi. Ancaq mən canlı oxuyurdum. Bura isə yalnız məni sevənlər toplaşıblar. Odur ki, mən elə qaranlıqda da onlara konsert verə bilərəm".

Yalnız şamların yandığı səhnədə tək qalan Xatirənin köməyinə onun sənət dostu Maestro Ceyhun İsmayılov çatdı. Sevimli dostuna dəstək olmaq üçün tamaşaçıların qarşısına çıxan Ceyhun bəzi açıqlamaları ilə vaxt qazandı. Texniki problemlərin aradan qaldırılmasına isə təxminən 10-15 dəqiqə vaxt sərf olundu.

Onu da qeyd edək ki, konsert salonunda müğənninin həmkarları demək olar ki, gözümüzə dəymədi. Ancaq ona dəstək olmaq üçün kulisə keçənlər sırasında rəqqasə Fatimə Fətəliyeva, müğənni-bəstəkar Tunar Rəhmanoğlu, skripka ustası Ceyhun İsmayılov və Xatirənin dəstək olduğu gənc müğənni Nicat var idi.

Adıçəkilən simalarla birgə səhnəyə həmçinin reper Elşad Xose və meyxanaçı Vahid Əziz çıxdı.


Fotolar müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə