Məşhur bəstəkar: “İstedadlı yaradıcı insanlar bir yerə toplaşanda uğurlu məhsul ərsəyə gəlir”

Məşhur bəstəkar: “İstedadlı yaradıcı insanlar bir yerə toplaşanda uğurlu məhsul ərsəyə gəlir”

Populyar bəstəkar Pərviz Mahmudov estradamızın məşhur simaları ilə işbirliyinin digər həmkarları tərəfindən qısqanclıqla qarşılandığını etiraf edib. SİA-ya açıqlamasında məhz bu səbəbdən bir çox gənc bəstəkarların telekanallarda Pərviz Mahmudov haqqında söhbətdən yayındıqlarını deyib.

"Çox qısqanclıqlar var. Bu yaxınlarda verilişlərin birində ifaçılardan biri mənim mahnımı oxuyandan sonra bu barədə danışmaq istəyəndə həmin verilişdə olan həmkarlarımdan biri söhbəti başqa istiqamətə yönəltməyə çalışdığının şahidi oldum. Əlbəttə ki, mən buna sadəcə olaraq gülürəm. Əslində mən də maraqlı və işgüzar həmkarlarımın çox olmasını istəyirəm. Çünki rəqabət lazımdır. Lakin təvazökarlıqdan uzaq olsa da artıq neçə illərdir ki, radiolarda ən çox sevilən 5-6 mahnı mənim bəstəmdir. Belə olan halda iş görə bilməyən bəstəkarlar reaksiya bildirir. Çox zaman mənə dostlarım deyirlər ki, - "Pərviz, sənin rəqibin elə özünsən. Çünki bir-birinin ardınca yazdığın hit mahnılar Top-10-luqlarda birinci olur", deyə bəstəkar bildirib.

Pərviz Mahmudov sevilməyin və populyarlığın sirrini də açıqlayıb. Gənc bəstəkarın sözlərinə görə, yaradıcı insanlar bir yerə toplaşanda uğurlu məhsul ərsəyə gəlir: "Demək istəyirəm ki, bizim çox güclü komandamız var. Mənim canım dostum Leyli xanım öz işində bir nömərdir, bəstəkar-aranjemançı Hakan Erolun zəhməti çox böyük olur, bu gün o da öz işində birincidir, dostum söz yazarı Aygün İsmayılovanı da bu sıraya aid edirəm. Biz bir yerə toplaşanda bax belə uğurlu işlər ortaya qoya bilirik. Amma onu da əlavə edim ki, çox istedadlı həmkarlarım mənə zəng edib ürəkdən gələn xoş sözlərini deyirlər. Çünki onlar da öz işlərini bacaran insanlardır. Onlar öz işlərinin öhdəsindən çox məharətlə gəlirlər. Mənim sənətimi bəyənən və istedadımı görən çox insanların hər dəfə mənim haqqımda çox gözəl sözlər dediyini eşidirəm. Mən də onun haqqında yüksək fikirdəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə