Qalmaqallı şou-biznes jurnalisti \"El oğlu\"nu Rusiyaya aparır

Qalmaqallı şou-biznes jurnalisti \"El oğlu\"nu Rusiyaya aparır

Tanınmış şou-biznes jurnalisti, hal-hazırda isə bəstəçi-ifaçılıq fəaliyyəti göstərən Cavanşir Babəlioğlu özünün \"El oğlu\" klipini Rusiyaya aparır. C.Babəlioğlunun SİA-ya verdiyi məlumata görə, o, sözügedən layihə ilə Rusiyada yaşayan həmvətənlərimiz qarşısına çıxacaq.

Tanınmış sənətçilər, xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər İlqar Muradov və Aygün Bəylər, müğənnilər Kərim Abbasov, Mehrim, Xuraman Şuşalı, Səidə Sultan və Elnur Məmmədovun iştirakı ilə reallaşan \"El oğlu\" layihəsi Rusiyanın Voronej, Tumen, Saratov, Bryansk, Həştərxan, Tver şəhərlərində Azərbaycan diaosporuna təqdim ediləcək.

Keçmiş jurnalist planlaşdırılmış səfəri haqqında bunları bildirib: \"Belə bir təklif almaq mənim üçün çox böyük şərəfdir. Müəllifi olduğum \"El oğlu\" layihəmi Rusiyada yaşayan həmvətənlərimizə təqdim etmək mənə xoşdur və bundan böyük fəxarət hissi duyuram. Konsertlərdən əvvəl \"El oğlu\" klipinin təqdimatı keçiriləcək. Təqdimatdan sonra doğma azərbaycanlılarımız qarşısında konsert proqramı ilə çıxış edəcəyik.\"

Müğənni kimi fəaliyyət göstərdikdən bəri Rusiyada ilk dəfə çıxış edəcəyini deyən Cavanşir Babəlioğlu konsertlərdə müəllifi olduğu mahnıları ilə yanaşı, türk, rus və əcnəbi mahnılar ifa edəcək.Konsertlərin anonsları yerli telekanallarda yayımlanacaq. Bundan əlavə səfər öncəsi mətbuat konfransı keçiriləcək və layihə haqqında jurnalistlərə daha ətraflı məlumat veriləcək.

Layihənin təqdimatı Novruz bayramı ərəfəsində 14-15-16-17-18-19 mart tarixlərinə planlaşdırılıb. Təqdimat mərasiminin rəsmi hissəsindən sonra konsert proqramı təşkil ediləcək. Konsertdə Cavanşir Babəlioğlu, Mehrim və layihədə iştirak edən olan digər müğənnilərin səhnəyə çıxacağı gözlənilir. Azərbaycan diaoporası üçün nəzərdə tutulmuş konsertlərdə diaspora sədrləri, Rusiyanın azərbaycanlı deputatları, eləcə də Azərbaycandan olan millət vəkilləri dəvət ediləcəklər.

Qeyd edək ki, Cavanşir Babəlioğlunun müəllifi olduğu \"El oğlu\" layihəsinin təqdimatı və konsertlər Mehman Rüstəmovun təşkilatçılığı və Samir Xattabın prodüserliyi ilə baş tutacaq.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə