Məşhur müğənni çəkiliş meydançasında nələr yaşadı?- FOTOSESSİYA

Məşhur müğənni çəkiliş meydançasında nələr yaşadı?- FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni Ayan Babakişiyeva qısa zamanda hitə çevrilən "Ya ona dön" adlı mahnısına fərqli klip çəkdirmək üçün kameralar qarşısına keçəcək. SİA-nın məlumatına görə, birinci olmaq iddiasını əsla ikinci plana keçirməyən Ayan verdiyi sözə əməl edərək peşəkar kollektiv ilə ekran işinin çəkilişlərini yekunlaşdırıb: "Sevilən bəstəkarımız və şairə Xanım İsmayılqızının bu mahnısının hit olacağını proqnozlaşdırsam da açığı, bunun qısa zamanda olacağından əmin deyildim. Dinləyicilərin rəğbəti məni, klipi tezliklə çəkməyə vadar etdi. Gənc olduğum üçün elə gənclərlə işləməyə üstünlük verdim. Peşəkar rejissor Ceyhun İbrahimoğlu mahnıya qulaq asdıqdan sonra süjet xəttinin olmasını məsləhət bildi.


Sürpriz olsun ki, bu haqda ətraflı məlumat vermək istəmirəm. Bircə onu söyləyə bilərəm ki, mini-filmi xatırladacaq klipdə əsas qəhrəman kimi iki rolda çəkilmişəm. Əkiz tayım peyda olacaq. Məncə, Azərbaycan müğənniləri arasında elə ulduz yoxdur ki, özünün "əkiz tayı"nı yaradaraq klip çəksin. Şadam ki, bu ilk, mənim adımla bağlıdır və yerli şou-biznesdəki durğunluğu silkələmək üçün bir təkandır", - müğənni belə dedi.

SİA-ya açıqlama verən rejissor Ceyhun İbrahimoğlu da israrla süjet xəttini kiçik sirr kimi saxladı: "Mahnının sözləri onsuz da arif dinləyiciləri düşünməyə vadar edir. Mini film kimi çəkilişlərini tamamladığımız ekran işində əsas mövzu acı sevginin qurbanları olacaq. Bu barədə mən də ətraflı danışmaq niyyətində deyiləm. Hazırda montaj prosesində olan klipi iki versiyada - 5 və 10 dəqiqəlik - tamaşaçılara təqdim etməyi düşünürük. Mini film kimi nəzərdə tutulan klipin əsas tanıtımını internetdə edəcəyik. 5 dəqiqəlik klip isə telekanallarda nümayiş olunacaq. Ayanın tərəf müqabili də işinin peşəkarı olan aktyor Azər Aydəmirdir. Tamaşaçılar onu rejissorlar Samir Kərimoğlunun çəkdiyi "Mən evə qayıdıram", Cavid Təvəkkülün "Döngələr" filmlərindən yaxşı tanıyırlar. Azər həmçinin Vahid Naxışın ekran həyatı verdiyi "Xoca" filmində də əsas qəhrəmanlardan birini canlandırır. "Ya ona dön" mahnısı üçün seçilən məkanlar da süjet xəttinə görə dəyişir. İnşallah, bir az da səbrli olun, təqdimat mərasimində bütün suallarınıza cavab tapacaqsınız".

Evdə aparılan çəkiliş zamanı əməkdaşımız da yaradıcı heyətə mane olmamaq şərti ilə Ayanı fərqli fotosessiya etməyə müvəffəq olub. Qeyd edək ki, klipdə müğənnini fərqli obrazlarda dəyişməyi bacaran xanım, stilist-vizajist Səbinə İmanovadır. Maraqlı olacağını nəzərə alıb, HD fotmatda çəkilən klipin ən maraqlı kadrlarını sizə təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə