Azərbaycanlı bəstəkarın yaradıcılığında Sezan Aksunun rolu nədir?-FOTO-AÇIQLAMA

Azərbaycanlı bəstəkarın yaradıcılığında Sezan Aksunun rolu nədir?-FOTO-AÇIQLAMA

"2011-ci il mənim üçün ən məhsuldar il oldu. Keçən il musiqisevərlərə 6 mahnı təqdim etdim. Çox sevindirici haldır ki, bu mahnıların hamısı tez bir zamanda populyar oldu və geniş auditoriya tərəfindən diqqətə layiq görüldü." Bu sözləri SİA-ya açıqlamasında 2011-ci ilin ən çox sevilən mahnılarının bəstəkarı Pərviz Mahmudov deyib.

2011-ci ilin yaradıcılığındakı uğurlarla xatırlayan bəstəkar bu il də məhsuldar çalışacağını dilə gətirdi: "2007-ci ildən musiqi müəllifi kimi fəaliyyət göstərirəm. Hər il 2-3 mahnı yazırdım, lakin keçən ildən bəstəkar kimi daha ciddi məşğul olmağa başladım. Artıq yeni ildən daha bir bəstəmi gənc müğənni Yaşar Cəlilova təqdim etdim. İki həftəyə yaxındır ki, onun ifasında səslənən "Dön gəl" mahnısı radio dalğalarında səslənir və kifayət qədər sevildiyinin şahidi oluruq. Bununla bərabər daha 4 mahnım aranjemandadır. Bu kompazisiyalar isə çox seçilən sənətkarlarımız tərəfindən ifa ediləcək. Bu isə o deməkdir ki, 2012-ci il mənim üçün daha məhsuldar, əlamətdar olacaq və dinləyicilər elə bir çox sevilən mahnıların da məhz bu il ərsəyə gələcəyini gözləsinlər!".

Pərviz uğurlarının sirlərini də bölüşdü. O, özünə müəllim hesab etdiyi Azərbaycan bəstəkarlarının adlarını da açıqladı: "Uğurlarımın açarı yalnız istedadım olub. Bu işlərimdə heç kəsin köməyini arxalanmamışam. Düzünü deyim ki, heç mənim köməyə ehtiyacım da olmayıb. Bu sənətdə ən böyük arzum yoxdur. Mən sadəcə öz işimi görməkdən zövq alıram. Mənim üçün bəstəkarlıq sənətinin pik nöqtəsi yoxdur. Bəstəkarlıq sənətində bir çox imzaları bəyənirəm. Onların arasında Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadə kimi tanınmış adlar var. Biz onların mahnıları ilə böyümüşük".

Gənc musiqiçi yaradıcılığını inkişaf etdirmək üçün təkcə ölkə miqyasında tanınmaqla kifayətlənmək istəmədiyini də etiraf etdi. Pərvizin mahnılarını türk müğənniləri də ifa edəcək: "Bu il Türkiyədə bir neçə bəstəm oxunacaq. Bu kompazisiyalardan biri artıq hazırdır. Ayla İşıl adlı ifaçı sənətə yeni gəlib və onun ilk albomunda mənim də mahnım yer alacaq. Amma onu deyim ki, daha məşhur türk müğənniləri də mənim mahnılarımı ifa edəcək. Çox istərdim ki, sevdiyim ifaçı, söz yazarı və bəstəkar, sözün həqiqi mənasında Türk musiqisinin sultanı Sezen Aksunun ifasında mahnımı eşidim. Bu sənətkarın mənim yaradıclığımda çox böyük rolu olub. Onun ifa etdiyi əsərlər mənə bu işlə məşğul olmağa stimul verib."

Bütün xəbərlər Facebook səhifəmizdə