Arzum Türkiyədə filmə çəkilib-FOTO

Arzum Türkiyədə filmə çəkilib-FOTO

Müğənni Arzum Türkiyə səfərindən qayıdıb. Bir müddət öncə səfər etdiyini deyən, lakin bu barədə danışmaq istəməyən müğənni susqunluğa son qoyub.

SİA-ya məlumat verən müğənninin sözlərinə görə, onun Türkiyəyə səfəri istirahətlə bağlı deyildi. Belə ki, Arzum yaradıcılıq işləri ilə əlaqədar olaraq qardaş ölkədə olub. Sənətçi bu səfər zamanı özünü fərqli ampluada sınamaq şansı qazanıb. Bir müddət öncə gələn təklifi dəyərləndirən Arzum orda filmə çəkilib.

Bildirək ki, film Türkiyənin kino sektorunda uğurlu işlərə imza atmış prodakşn tərəfindən ekranlaşdırılır. Müqavilənin şərtlərinə əsasən müğənni film barədə ətraflı danışa bilməz. Buna görə də filmin adını sirr saxlayan ifaçı sadəcə rolu barədə məlumat verməklə kifayətləndi.

Arzum zadəgan ailənin şıltaq qızı obrazını canlandıracaq: "Filmin əsas hissəsi çəkilib. Ancaq hava şəraiti ilə əlaqədar olaraq mövsümün dəyişməsini gözləyirik. Çünki filmin digər hissəsində hadisələr dəniz kənarında, istirahət məkanında cərəyan edir".

Filmin təqdimatına gəlincə isə müğənni bildirdi ki, ilin sonunadək filmin montajı yekunlaşacaq: "Çox güman ki, premyerası da ilin sonunda reallaşacaq. Sözsüz ki, film ilk olaraq Türkiyədə yayımlanacaq. Azərbaycanda təqdim olunması bizim təşkilatçılardan aslıdır. Əgər şirkətlə razılıq əldə olunsa, vətənimdə də nümayiş oluna bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə