Məşhur müğənni Röya Ayxan şikayət ərizəsi yazdı. Bu haqda SİA-ya məlumatı müğənni Röyanın mətbuat katibi və hüquqi işlərdə səlahiyyətli nümayəndəsi Ülviyyə Alovlu verib. Onun sözlərinə görə, müğənni ifaçılıq sənətinin məhsulu olan mahnılarından və adından icazəsiz istifadə etdiyi üçün Azercell şirkətindən şikayətçidir və bu səbəbdən Baş Prokurorun ünvanına şikayət ərizəsi yazıb.
"Bu qanun pozuntusu artıq 10 ildir ki, davam edir və bu cinayətin qarşısı alınmayınca, Röyaya vurulan ziyan ödənilməyincə, biz hüquqlarımızın bərpasını tələb edəcəyik!", – deyə Ülviyyə Alovlu israr etdi.
Həmin ərizənin mətnini olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Zakir Qaralova
ƏRİZƏ
Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 15-ci(Əmlak (iqtisadi) hüquqları) maddəsinin 3-cü bəndinə əsasən Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. Lakin, Azercell Telekom MMC mənim müəllif hüquqlarımı kobud surətdə pozaraq, mənim ifa etdiyim mahnıları mənimlə razılaşdırmadan müştərilərinə təqdim etdiyi zəngim-cell xidmətlərində istifadə edir. Nəticədə, mənə külli miqdarda maddi və mənəvi zərər vurulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsinə əsasən, folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz əlli mislinədək miqdarda cərimə və ya altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır. Səlahiyyətləriniz çərçivəsində bu qanun pozuntularını aradan qaldırmağınızı və Azercell Telekom MMC-nin vəzifəli şəxslərini törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyinizi xahiş edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB