Səməd Səmədov Ginnesin rekordlar kitabına düşmək arzusundadır - FOTOSESSİYA

Azərbaycanın xalq artisti Səməd Səmədov media nümayəndələrini başına toplayıb mətbuat konfransı keçirdi. SİA-nın məlumatına görə, o, rəhbəri olduğu "Qismət" qrupuna vokal ifaçıları cəlb edib.

Qrupla birgə "Beynəlxalq Mətbuat Mərkəzi"ində (BMM) "Bakı yurdum"mahnısına çəkdirdiyi klipini təqdim edən Səməd Səmədov maraqlı açıqlamaları ilə media nümayəndələrinin diqqətini cəlb etdi.

Köhnə "Qismət" qrupunun nəznində yaradılan yeni "Qismət"ə üç oğlan-Rinat Aslanov, İlqar Sadıqov və Tural Məmmədov daxildir. Gənclərə dəstək olmaq məqsədi ilə onlarla birgə klipə çəkilən xalq artisti vurğuladı ki, uşaqlar 6 ay onu dəng ediblər ki, "hə" cavabı alsınlar: "Bu gənclər düz 6 ay idi ki, başımı dəng edirdilər ki, bizə köməklik et. Heç yadımdan çıxmır, dedilər ki, axı siz xalq artistisiniz, gənclərə dəstək olmalısınız. Bu sözlər məni necə tutdusa, yox deyə bilmədim. Qərara gəldim ki, onları "Qismət" ansamblının nəznində eyniadlı vokal qrup açım. "Bakı yurdum" adlı mahnını qrupumuzun üzvü Tural bəstələyib. Sözlərini isə Zaur yazıb. Klip deməzdim, musiqi çarxına rejissorluğu Faiq Kərimoğlu edib. Gənclərlə birlikdə ifa etdiyimdən məmnun qaldım. Çəkilişlərə də böyük həvəslə qatıldım. Bir sözlə paytaxtımızın gözəlliyini nümayiş etdrimək istədik. Fikrimcə klipi hər kəs bəyənəcək".

Şou-biznesdə yetərincə oğlan ifaçılarının cəm olduğunu diqqətə çatdıran xalq artisti bu siyahı ilə yaxşı tanış olduğunu vurğulayıb özlərini hələlik 5-ci sırada gördüyünü söylədi.

"Mənim 25 illik musiqi ansamblım var. Onların siyahısına bu gənclər də daxil oldu. Ancaq bunların öz yeri var. Bir də ki Ginnesin Rekordlar kitabına düşmək kimi imkan olsaydı, bunu yalnız mən bacarardım. Mənim ansablıma yalnız Ginnesin rekordlar kitabı yaraşır".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə