Göyçək Fatimə möhtəşəm bir layihə üzərində çalışır. Tanınmış rəqqasə bu dəfə tamamilə fərqli bir ampluada, yeni bir obrazda tamaşaçı qarşısına çıxacaq. SİA-ya açıqlama verən rəqqasənin sözlərinə görə, o, repertuarını zənginləşdirməyə hazırlaşır.
Fatimənin rəqs boxçasında yeni rəqslər yer alır. O, Cahangir Cahangirovun "İncəlik" əsərini yeni quruluşda hazırlayıb. Bundan əlavə Fatimə sənət dostu, tərəf-müqabili İlham Kərimli ilə bir neçə duet-rəqs nümunələri hazırlayırlar. Yeni rəqslər üçün xüsusi kostyumlar hazırlanır. Fatimə bu dəfə Kuba rəqsinə müraciət edəcək.
Kubalı qız obrazında pərəstişkarlarını təəccübləndirməyi düşünən Fatimənin sözlərinə görə, Azərbaycanda belə rəqs nömrələrinə müraciət edən demək olar ki, olmayıb: \"İlhamla biz çox yaxın dostuq. İlham 4 il ərəb ölkələrində yaşayıb. Orada olduğu dövrlərdə də ərəb ölkələrinin folklor rəqslərini tam öyrənib. Biz qərara gəldik ki, repertuarımızda başqa ölkələrin, xalqların rəqsləri çox olsun. Ona görə də Mərakeş folklor rəqsinə müraciət etmişik. Hazırda bu rəqs üzərində ciddi məşqlər gedir. Bundan başqa, Kuba rəqsinə də yer ayırmışıq. Bundan sonra bizim duet çıxışlarımızda Kuba rəqsini də görmək mümkün olacaq. Sənət aləmində olan insan həmişə axtarışda olmalıdır. Biz də üzərimizdə çalışırıq. Heç vaxt olduğumuzla kifayətlənməmişik. Hərçənd bəziləri deyir ki, bizi professional hesab etmirlər. Belələrinə yaradıcılıq işlərimizlə cavab verməyə üstünlük veririk. Bizim hazırladığımız yeni rəqs nümunələrinə Azərbaycanda demək olar ki, müraciət edən olmayıb".
Xatırladaq ki, cütlük analoqu olmayan solo-konsert proqramına hazırlaşır. Göyçək Fatimə ilə İlham Kərimlinin təqdimatında təqdim olunacaq konsert layihəsində müxtəlif milli rəqslərimizlə yanaşı, hind və digər xalqların milli rəqsləri təqdim olunacaq. Solo-konsertdə maraqlı sürprizlərin olacağı da gözlənilir. Cütlük hələ ki, konsert barədə geniş açıqlama vermək istəmədi. Yeni ilin ilk aylarında tanınmış rəqqasların solo-konsertinin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB