Azərbaycanlı təşkilatçıdan türk müğənnisinə sürpriz- FOTOSESSİYA

Azərbaycanlı təşkilatçıdan türk müğənnisinə sürpriz- FOTOSESSİYA

Azərbaycanın tanınmış təşkilatçısı, hazırda qardaş ölkə Türkiyədə yaşayan Nahid Emiloğlu Türkiyənin sevilən müğənnilərindən biri olan Burcu Günəş üçün sürpriz doğum günü partisi keçirib. SİA-nın məlumatına görə, İstanbulda yerləşən "La Villa Blanche" otelinin hovuz başında təşkil edilən doğum günü partisi sənətçinin ürəyindən xəbər verib.

Türkiyəli müğənni ilə çox yaxın dost münasibətində olan azərbaycanlı təşkilatçı Burcu Günəşə daha bir sürpriz ərməğan edib. N.Emiloğlu müğənniyə nə az, nə çox düz 104 ədəd ağ qızılgül çələngi bağışlayıb. Burcu Günəş otelə də qırmızı qızılgül ləcəkləri altında daxil olub. Partidə xüsusi olaraq dəvət edilmiş Özcan Dənizin musiqiçiləri məclisi şənləndirib və qonaqların sevindirib.

Çılğınlığı ilə seçilən Burcu Günəşin doğum günü partisi də özünəməxsus keçirilib. Qonaqlar arasında özünü hovuza atanlara və doyunca rəqs edənlərə də rast gəlindi. Burcu Günəşin şərəfinə hazırlanan mərasimdə "Yok böylə dans"da dostlaşdığı məşhur futbolçu Pasqal Nauma da iştirak edirdi. O, Burcu Günəşi özünəməxsus şəkildə təbrik edib. Futbolçu ilə müğənninin isti görüntüləri də media mənsublarının gözündən yayınmayıb.

Burcu Günəş Azərbaycan media təmsilçisinin nümayəndəsinə tez bir zamanda ölkəmizə gəlmək və çox sevdiyi xalqımız qarşısında çıxış etmək arzusunu dilə gətirib: "Azərbaycandan dostlarım çoxdur. Nahid Emiloğlu başda olmaqla Azərbaycan xalqını sevirəm və qardaş ölkədə konsert vermək istəyirəm. Bu istəyimi də Nahid bəyə bildirmişəm. Doğum günümdə qardaş ölkədən olan dostlarımın iştirakı məni çox məmnun edib".

B. Günəş azərbaycanlı bəstəkar Kamalın "Daha gəlsən, gəlməsən də" mahnısı ilə bağlı düşüncələrini belə bildirib: "Kamalın bütün yaradıcılığını izləyirəm. Mahnıları haqda yalnız bir söz deyə bilərəm ki, hər birinə xəstəyəm. Onun bu mahnısı ürəyimə çox yaxındır və sevə-sevə oxudum. Bununla Kamal bəylə əməkdaşlığa son qoymaq fikrində deyiləm və onun hələ çox mahnısını oxumaq arzusundayam".

Nahid Emiloğlu isə öz növbəsində Burcu Günəşin ifasında bu mahnının tam hazır versiyasını yaxın günlərdə bəstəkar Kamala göndəriləcəyini və müəllifdən razılıq aldıqdan sonra radio dalğalarında yayımlanmağa başlanacağı vurğulayıb.

Azərbaycanlı təşkilatçı qeyd edib ki, bu mahnıya möhtəşəm klip çəkilişi də nəzərdə tutulur: "Burcu Günəşin səs effektləri olduqca yüksəkdir. Bu mahnı onun ifasında inanılmaz dərəcədə gözəl alınıb. Mahnının bu ifada da Azərbaycanda çox seviləcəyinə əminəm. Hələ çoxsaylı sürprizlərimiz olacaq ki, bunlar haqda öncədən məlumat vermək istəmirəm".

Doğum günü partisi diskoteka ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə