Xalq artisti: “Mən ideal sevgili olmamışam”-AÇIQLAMA

Xalq artisti: “Mən ideal sevgili olmamışam”-AÇIQLAMA

Xalq artisti Bəsti Cəfərova şəxsi həyatı barədə rahat danışan aktrisalardandır. SİA-ya açıqlama verən Bəsti xanım ötən dəfə gənc yaşlarında həmkarı Telman Adıgözəlova olan məhəbbətindən söz açdı. Bu dəfə isə aktrisa həyat yoldaşından danışdı: "Həyatda çox şeylər olur... Mən indi yalnız qızımı sevirəm. Ondan əvvəl rəhmətlik anamı çox sevirdim. Mən çox yaxşı övlad olmuşam. Bunu tam əminliklə deyə bilərəm. Mən ideal anayam. Amma mən ideal sevgili olmamışam. Əslində mən çox mərd insanam, sevəndə varlığımla sevirəm. Lakin mən bu dünyada arzularımdakı obraza rast gəlmədim. Sevdiyim insan buna layiq olmadı. Seçimim düzgün idi, hər şey qarşılıqlı məhəbbət əsasında baş verib. Bu sevginin uzunmüddətli olmamasının səbəbkarı mən olmadım.

Həmin adam illər keçəndən sonra öz səhvini etiraf etdi, dedi ki, anasının sözünə qulaq asıb. Lakin qatar artıq getmişdi... Qəribədir, mənim bəyəndiyim kişilər sevgimə layiq olmadıqlarını tez biruzə veriblər. Mən ideal kişi axtarmırdım, lakin qadın olsam da, onlardan qüvvətli olmuşam. İlk məhəbbətim alınmayandan sonra mən şüurlu surətdə yenidən sevməkdən imtina etdim. Çünki dünyada ən böyük dərd sevgi iztirablarıdır. Ondan sonra mənə rast gələnləri, hətta övladımın atasını diqqətlə \"görmək\"dən qorxdum.

Mən şükür edirəm ki, Allah mənə bir övlad bəxş etdi, bütün ömrümü ona həsr etdim. Qızım mənim bütün iztirablarımı unutdurur. Mən dostluqda da xəyanət görmüşəm, elə indi də mənə dostlarım xəyanət edirlər. Mənə yeganə xəyanət etməyən səhnədir. Hamı bilir ki, mən heç vaxt dublyorla oynamıram. Rəhmətlik Əlabbas Qədirov bir dəfə dedi ki, əmr yazanda aktrisalar otağıma hücum çəkirlər ki, necə olur, Bəstiyə dublyor vermirsiniz? Onsuz da sənin oyununun yanında zəif ifa göstərməklə özləri biabır olacaqlar, gəl sənə bir dublyor verim. Onda dedim ki, ya mən tək oynayacağam, ya da istəyirsiniz, rolu başqasına verin.
Bu mənəm, başqa cür ola bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə