Nura Suri: “Bu həyatımın bir mərhələsi idi, yaşamalıydım”-MÜSAHİBƏ
Nura Surinin SİA-ya müsahibəsi
- Sənətə gəldiyi ilk zamanlar bu sahədən gəlir əldə etməyi düşünmədiyinizi deyirdiniz. Nə dəyişdi ki?
- Mən müğənniliyə əvvəllər ancaq xobbim kimi baxırdım. Çünki o zamanlar mənim imkanlı həyat yoldaşım var idi və mən maddi baxımdan tam təmin olunurdum. Heç nəyə ehtiyacım yox idi. Bundan əlavə də mənim o zamanlar şəxsi biznesim var idi. Tikinti biznesi ilə məşğul olurdum. Oxumaq mənim üçün yalnız zövq almaq üçün lazım idi. Sadəcə, oxumaqdan xoşum gəlirdi. Ancaq boşandıqdan və maddi tərəfdən krizisə düşdükdən sonra mən həyatın çətinlikləri ilə üzbəüz qaldım. Oxumaq təkcə mənim üçün zövq almaq deyil, eyni zamanda maddi gəlir əldə etmək üçün vasitə oldu. O gündən ki, mən artıq oxumaqla pul qazanmağa başladım, bu mənim üçün sənətə keçdi. Artıq müğənnilik mənim sənətimdir. Birdəki, həyatda təkmilləşmək, inkişaf etmək üçün problemlərlə üzləşmək də lazımdır. Bu mənimlə də baş verdi. Mən başa düşdüm ki, işləməliyəm, yaşayışımı təmin etməliyəm, uşaqlarımı dolandırmalıyam. Bu həyatımın bir mərhələsi idi, yaşamalıydım.
- Dostunuz varmı?
- Mənim üçün dost o insan deyil ki, mənə pis olanda yazığı gəlsin. Dost odur ki, pis günlərimdə məni tənqid etsin, səhvlərimi desin, məni məcbur etsin ki,özümü toparlayım, ayağa durum. Məni ağlamağa qoymasın, əksinə məni məcbur etsin ki, hər şeyi yenidən başlayım. Belə insan mənim həyatımda anamdır.
- Sənət aləmində hamı biri birinə paxıllıq edir…
- Həqiqətən sənət aləmində hamı biri-biri ilə rəqabət aparır, biri birinə qısqanır. Bu pis deyil, əksinə yaxşıdır sənətçiyə işləmək üçün stimul verir. Artıq həmkarlarım mənim sənətimə, yaradıcılığıma ciddi yanaşmağa başlayıblar, məni rəqib kimi görürlər. Mənim hər bir yeni mahnım, müsahibəm, açıqlamam həmkarlarım tərəfindən rəqabət kimi qəbul olunur.
- Deyəsən jurnalist olmağı arzulamısınız?
- Uşaqlıqda jurnalist Çingiz Mustavayevin dəli kimi xəstəsi idim. Jurnalistika peşəsinə çox böyük marağım var idi. "Sirr" filminə baxdıqdan sonra isə başa düşdüm ki, insan həyatda hər arzusuna çata bilər. Yetər ki, bunu çox istəsin. Ona görə də mən uşaqlıq arzumu həyata keçirməyə çalışdım. Yəni özümü jurnalistikada da sınadım. Mənim bir ideyam var idi. Bəzi insanlarla söhbət etmək, onlardan müsahibə götürmək. Sadəcə, canlı ünsiyyət. Hardasa canlı efirdə olduğu kimi bunu yazı şəklində reallaşdırmaq istədim. Bu arzu və niyyətlə öz saytımda "Layf cornal" bölümü açdım və burada müsahibələrim yer almağa başladı.
- Gələcəklə bağlı arzunuz var?
- Gələcəklə bağlı düşünəndə yalnız uşaqlarımı düşünürəm. On ildən sonra mənim uşaqlarım artıq işləsinlər, həyatda mövqeləri olsun və məni maddi baxımdan artıq onlar təmin etsinlər. Bir xatirəni danışım. Uşaqlarımla "Bentley" avtomobil salonunun yanından keçirdim. Nədənsə, arzumu dilə gətirdim ki, görəsən mənim nə vaxt belə maşınım olar? Oğlum isə mənə baxaraq "mən böyüyüb sənə "Bentli" alacam söylədi. İnanıram ki, bu arzum da reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB