Azərbaycanlı balaban ifaçısı: “Özləri də etiraf edirdilər ki, onların adlı-sanlı musiqiçiləri gəlib Bakıda təhsil alırlar”- AÇIQLAMA

Azərbaycanlı balaban ifaçısı: “Özləri də etiraf edirdilər ki, onların adlı-sanlı musiqiçiləri gəlib Bakıda təhsil alırlar”- AÇIQLAMA

Türkiyədə yaşayan Azərbaycanlı balaban ifaçısı Əlixan Səmədov qardaş ölkədə yaşamağının səbəbini açıqladı. SİA-ya danışan ifaçı xarici ölkələrdə insanların balabana maraq göstərdiyini iddia edir: "Mən \"İstedad\" rəqs kollektivi ilə xarici ölkələrdə olanda insanların balabana böyük maraq göstərmələrinin şahidi oldum. Rəqslərdə bilirsiniz ki, ən çox klarnetdən istifadə olunur. Balabandan isə yalnız konsertin açılış və bağlanışında istifadə olunurdu. Balaban səslənəndə görürdüm ki, salonda bir səssizlik yaranır və insanlar bu alətin səsinə çox diqqətlə qulaq asırlar. Balabanın səsi insanları sanki hipnoza salırdı. Türkiyəyə isə məni Qaziantep Konservatoriyasına müəllim kimi balabandan dərs deməyə dəvət etdilər.


Antepdə olanda düşündüm ki, dərslərin çoxluğu balabanı lazımi qədər təbliğ etməyə imkan verməyəcək. Digər tərəfdən, onların dərs sistemi mənə çox zəif gəldi. Daha sonra İstanbul Universitetinin nəzdindəki konservatoriyaya dəvət aldım. Amma orada da çox qala bilmədim. Çünki onların təhsil sistemi çox zəifdir. Özləri də etiraf edirdilər ki, onların adlı-sanlı musiqiçiləri gəlib Bakıda təhsil alırlar. Müqayisə üçün, demək istəyirəm ki, buranın orta musiqi məktəbi oranın konservatoriyasından daha üstündür.
Orada konservatoriyanın tar sinfinin 4-cü kurs tələbəsi var ki, tarı tanımır. Belə şeylər orada məni pedaqoji fəaliyyətdən uzaqlaşdırdı.

Bizdə 10 il musiqi təhsili alandan sonra konservatoriyaya girmək mümkün olur. Konservatoriyaya qəbul olunan musiqiçilər demək olar ki, peşəkar səviyyədə alətdə çalırlar, Avropa musiqisini bilirlər. Bir məsələ var ki, Azərbaycanda peşəkar musiqiçi olmaq üçün 15 il təhsil almaq lazımdır. Bu barədə orada tanınmış professorlara iradımı bildirəndə mənimlə razılaşırdılar.

Əlixan qeyd etdi ki, 18 alətdə ifa edir, ancaq o, Türkiyədə yalnız balabanla tanınır. İfaçı məsələyə belə aydınlıq gətirdi: "
Türkiyədə Azərbaycanın balabanını tanımırdılar. Bu da mənə pis təsir etdi. Ona görə də başqa alətləri bir kənara qoyub, sırf balabanın təbliği ilə məşğul oldum. Adicə qarmona orada akkordeon deyirlər. 1998-ci ildə hazırlıqlarına başladıq, 2000-ci ildə elə \"Balaban\" adında albom buraxdırdım. Türkiyədə belə bir ənənə var ki, albom hazırlamaq üçün 2-3 il sərf olunur ki, sonradan hər hansı nöqsana görə qapı-qapı gəzib, o diskləri yığmaq məcburiyyətində qalmayasan.

Əslində həmin albomu mən az sayda dost-tanış üçün buraxdırmışdım. Amma sonradan bu albom əldən-ələ yayılaraq Amerikaya gedib çıxdı. Sonra gördüm ki, mənim ifalarımı Türkiyənin aparıcı radio-televiziya kanallarında səsləndirirlər. Onda məni Türkiyədə indiki kimi tanımırdılar. Bəzən məni albomun adı ilə \"Balaban bəy\" deyə müraciət edənlər də olurdu. Yavaş-yavaş \"Balaban\" albomu Türkiyədə populyarlaşandan sonra özümdə məsuliyyət hiss etdim və \"balaban\"la bağlı araşdırmalara başladım, bir çox arxivlərə müraciət etdim, onun tarixini öyrəndim. Açığını deyim ki, o dövrdə çox çətinlik çəkdim, çünki hər hansı doğru-dürüst bir mənbə tapa bilmirdik…"

Bütün xəbərlər Facebook səhifəmizdə