İki böyük sənətkarın eşq hekayəsi

İki böyük sənətkarın eşq hekayəsi

Azərbaycanın xalq artisti Bəsti Cəfərova gəncliyini yada saldı. SİA-ya açıqlama verən aktrisa həmkarı mərhum Telman Adığözəlovla münasibətlərindən söz açdı. Axı o zamanlar hər kəs iddia edirdi ki, Bəsti xanım Telman bəyə sevgi məktubları yazır: "Yox, məktub yazmadım, amma ona olan sevgim məni Lütfü Məmmədbəylinin Xalq Teatrına gətirdi. İki il bu teatrda müxtəlif rollarda oynadım. Mən bu teatra gələndə Nurəddin Mehdixanlı da orada çalışırdı. Mən 1976-cı ildə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə Ədil İsgəndərovun kursuna qəbul olundum. Mən qəbul imtahanına gələndə arıq deyildim, \"totuq-motuq\" qız idim. İmtahanı elə Ədil müəllim aparırdı. Uşaqları 10 nəfərlik dəstələrə ayırıb imtahana buraxırdılar. Bəlkə də qismətdəndir, mənim olduğum onluqda uşaqların arasında aktyorluğa uyğun gələni təkcə mən idim. Mən tələbə olanda Telman artıq Tədris Teatrının aktyoru idi. İlk dəfə onunla orada qarşılaşdım.

O vaxtlar Avropa dəbi Bakıya təzəcə ayaq açırdı. Mən \"krempilin\" parçadan qısa ağ don geyinmişdim, yaraşıqlı görünürdüm. Gənc vaxtlarımda gözlərim daha qıyıq idi, asiyalılara oxşayırdım. Ədil İsgəndərov Nəbi Xəzrinin \"Dəniz, göy, məhəbbət\" şerini mənə 3 dəfə - gülə-gülə, ağlaya-ağlaya və sevinə-sevinə oxutdurdu. Sonra Nisə Qasımovanın o dövrdə məşhur olan \"Azərbaycan qızıyam\" mahnısını oxutdular. İki \"beş\", bir \"dörd\"lə qəbul olundum. Tələbəlik illərində mən çox aktiv idim, əlaçı olduğum üçün 50 manat təqaüd alırdım.

Aktrisa elə o zamanlar Telman Adığözəlova aşıq olduğunu etiraf etdi: "Əslində Telman aktrisalarla yalnız tamaşalarda rol xatirinə \"sevişib\". Onun səhnədən kənarda sevdiyi aktrisa olmayıb. 1980-ci ildə \"Azdrama\"ya təzə gələndə \"Azərbaycan qadını\" jurnalına müsahibəmdə dedim ki, \"Nəsimi\" filminə tamaşa edəndən sonra məndə aktrisa olmaq arzusu yaranıb. O dövrdə Telmanın adını təbii ki, çəkə bilməzdim. Çünki Sovet ideologiyası, senzura mənim bu sözlərimin jurnalda dərcinə imkan verməzdi. Ancaq Telman elə ilk görüşdə məndə özünə qarşı böyük məhəbbət hissi yaratdı. Adamla elə tez münasibət qururdu ki, sanki 30 ildir dostluq edirik. Mənim ona qarşı uşaqlıq sevgim səmimi dostluğa çevrildi. Telman ölənədək onunla səmimi dost olduq. Allah ona rəhmət eləsin!"


Bütün xəbərlər Facebook səhifəmizdə