Nadir Bayramlı: “Əsl sənətkar öz şəxsiyyətinə hörmət etməsə...”- AÇIQLAMA

Nadir Bayramlı: “Əsl sənətkar öz şəxsiyyətinə hörmət etməsə...”- AÇIQLAMA

Uzun zamandır efirlərdən və səhnədən uzaq gəzən müğənni Nadir Bayramlıdan heç bir xəbər yoxdur. SİA-ya rast gələn müğənni yoxluğunun səbəbini açıqladı: "Bilirsinizmi, Nadir Bayramlının tembri min səsin arasından asanlıqla seçilir. İnsanlar bu səsi boş yerə sevmirlər ki! Mən efirə çıxdım-çıxmadım, insanlar elə əvvəlki kimi məni sevirlər. Zəmanə nə qədər dəyişib? 5-10 il keçib. Bu müddətdə nə dəyişib ki? İnsanlar elə əvvəlki insanlardır da. Sadəcə, yeni qaydalar mənə görə deyil. Mən Nadir Bayramlıyam. Efirdə görünməsəm də, əvvəlki tempdə işlərimi davam etdirirəm. Yeni mahnılar da yazdırıram, kliplərim də çəkilir. İnşallah, bu yaxınlarda yeni klipim efirdə yayımlanacaq. Mən həmişə oxuduğum mahnıya ciddi yanaşmışam. Ola bilsin, aralarında zəif alınanları da olsun. Həmişə keyfiyyətli musiqiyə üstünlük vermişəm. Amma bir məsələ var ki, efirlərdə musiqimizin təbliğatı bərbad vəziyyətdədir. Əvvəllər belə deyildi. O dövrdə efirə çıxacaq konsertlərin anonsu bir həftə əvvəlcədən verilirdi, xalq oturub səbirsizliklə sevdiyi sənətçinin konsertini gözləyirdi".

Müğənni ondan daha məşhur olan gənc nəsldən də söz açdı: "Biz tamam başqa cür yetişdirilmişik. Biz görmüşük ki, sənətkara xalq sənətinə və şəxsiyyətinə görə qiymət verər. Əsl sənətkar öz şəxsiyyətinə hörmət etməsə, xalq ona hörmət etməyəcək. Amma gərək telekanallar da xalqın hörmət etdiyi sənətkarı diqqətdən kənarda qoymasın. Biz belə görmüşük deyə, hələ də içimizdə mənasız bir arxayınçılıq var ki, sənəti qiymətləndirən insanlar bizə dəvət göndərəcəklər. Hərçənd, artıq bunun baş verəcəyinə inanmıram. Amma yaşımın bu vaxtında gedib heç kimə yalvaran da deyiləm ki, \"qadan alım, məni efirə burax. Sənət yalnız efirdə görünmək deyil. Efirə çıxmağa həvəs göstərməməyim passivlik kimi görünə bilər. Amma gedib kimlərəsə ağız açıb efirə çıxmaq mənlik deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə