Səs-küylü şou-biznes və mətbuat - FOTOSESSİYA

Səs-küylü şou-biznes və mətbuat - FOTOSESSİYA

Müəyyən bir şeyə möhkəm meyl edən insanlar çox cazibədar olurlar. Müxtəlif yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.

Hər dəfə bu misraları eşidərkən yerli şou-biznes yadıma düşür. Uzun zamandır ki, bu şou aləmindən yaman yığmışam. Milli mətbuat gününün gəlməsi lap ürəyimdən xəbər verdi. İstədim qələm əhli ilə şou-biznes nümayəndələrinin münasibətlərindən yazım.

Baxmayaraq ki, jurnalist cəmiyyətin güzgüsüdür. Ancaq məqsədim şou-əhlinin keçmişinə güzgü tutmaq deyil.

Qalmaqalla təməli qoyulan yerli şou-biznes əzəl gündən birmənalı qarşılanmayıb. Bu sahədə olan hər kəs "Bura ən çirki aləmdir" deyə barbar bağırır. Ən maraqlısı isə odur ki, bu aləmin lap mərkəzində məskunlaşıb özünə yer edən məşhurlar "Bura çox murdardır" deyərək, camaatın gözündən pərdə asmaqla yanaşı, \"yedikləri qaba da tüpürürlər\".

Bəlkə də bu çox düzgün fikirdir. Ancaq acınacaqlı bu deyil. Acınacaqlı odur ki, çirkli aləmi təmizləyən yoxdur. Bura hər gün işıqlığa doğru getməkdənsə, bir az da qaranlığa düşür. Bu qaynar qazanın sakinləri hər gün çoxalır. Burada isə sual doğurur, görəsən, müasir aləmdə böyüyən uşaqlar bu göz önündə olan insanlardan nə ibrət götürürlər?

Gecələrini gündüzlə dəyişik salan yerdəki "ulduzlar" gəzməkdən və davadan başqa deyəsən heç nə bacarmırlar. Bəlkə də bacaranlar var, amma onlar heç nə nümayiş etdirmirlər. Göz önündə olan yalnız onların bağ evləri, bahalı avtomobilləri və qalmaqallarıdır.

Hazırda "şöhrət sindromuna" tutulan məşhurlar "məndən yoxdur" deməklə nəyi isbat etmək istəyirlər, anlamıram.

Məşhurluq onları "ulduzluq xəstəliyinə" elə yoluxdurub ki, nə istədiklərini belə unudublar. Amma faciə nə istədiklərini unutmaq deyil, xalqın müğənnisi olduqlarını unutmaqdır.

Biz elə hey adamlardan şikayətlənirik. Amma unuduruq ki, özümüz də adamıq. Demək bizdən də şikayətlənirlər.

Bir az sevdirici hal odur ki, yuxarıda qeyd etdiklərim hələ bütün məşhurlara keçməyib. Ancaq çox istərdim ki, bu məşhurlar 4-cü hakimiyyətin gücündən bixəbər olmasınlar. Nədənsə onlar düşünür ki, jurnalisti "qara siyahıya" sala bilərlər. Ancaq bir məsələ var. Media mənsubunun fəaliyyəti müğənninin qara sıyahıya düşməsi ilə bitmir. Ancaq jurnalistin onların "iqnor" etməsi müğənninin fəaliyyətini kölgədə qoyar.

Lap əvvəllə nəzər salsaq, görərik ki, xalq artistlərimiz Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva və müğənni Samir Bağırov zamanında bütün streotipləri qırdılar. Özlərini olduğu kimi tamaşaçılara qəbul etdirə bildilər. Elə yerli şou-biznesin təməlini qoyan adıçəkilən simalardan bəziləri bu gün də olduqları kimidirlər. Gənc müğənnilərdən fərqli olaraq onlar heç bir jurnalistə "naz atmırlar".

Ancaq bəzi gənc, hələ sözünü belə deyə bilməyən "ulduzçığazlar" dövranı əllərinə alıblar. Normal fəaliyyəti olmadıqları halda, sənətdən "dən vururlar". Görəsən onların bu halını Şövkət Ələkbərova, Rəşid Behbudov, Sara Qədimova görsəydilər nə edərdilər? Bəlkə də elə buna görə Alim Qasımov, Zeynəb Xanlarova kimi sənətkarlarımız kənardan baxıb, seyr edirlər.

Adi vəziyyətdə insan müdafiəsiz yaşayır, onun üzərində heç bir nəzarət olmur. Ona ancaq günah işlətmək qadağandır. Amma günah etməmək mümkün deyil. Ona görə küçələrdə qanun-qayda, nizam-intizam, qəlblərdə isə hərc-mərclik höküm sürür.

Yerli şou-biznesdə isə gənc müğənnilərimiz hökm sürməyə çalışırlar. Bu, onlarda nə dərəcə alınır yəqin hər kəs bilir. İlin 12 ayı "mənəm-mənəm" deyən tanınmışlar jurnalistləri də borclu çıxarmağı unutmurlar. Biri-birindən narazı olan müğənni ilə jurnalistlərin sözü üst-üstə heç düşmür.

Hazırda şou aləmində elə müğənnilər var ki, jurnalistləri qıcıqlandırır. Amma gərək vicdanla danışasan, bəzi həmkarlarım da müğənnilərlə dostluğu özlərinə şərəf bilirlər.


"Ulduzluq" xəstəliyənə tutulan simalar

Siyahımı gənclərin sevimlisi olan Röya Ayxanla başlasam, heç də səhv etmiş olmaram. Hazırda bu xanım demək olar ki, bütün medianı hiddətləndirib. Zaman-zaman bizə "müharibə" elan edən ifaçı əsl ulduzlar kimi hərəkət edir. Ancaq televiziya tamaşaçılarını açıqlamaları ilə sevindirən ulduzə xanım bütün internet jurnalistlərindən sözün əsl mənasında qaçır. Uzun illərdir jurnalist Vüqar Vüqarlı ilə problem yaşayan Röya indi də həmkarım Şahin Cavadsoyu hədəfə alıb. Ancaq onu qeyd etmək yerinə düşər ki, Röya kinli qız deyil. Buradan dalaşır, oradan isə barışır. Hətta eşitdiyimə görə, ara-sıra məclislərdə jurnalistlərin şərəfinə sağlıq da deməyi unutmur!

Türk dünyasının sənət kraliçası, xalq artisti İlhamə Quliyeva da hər jurnalistə müsahibə vermir. Amma bir fakt da var, jurnalistlər İlhamə xanımla bəzən hesablaşırlar.

Xalq artisti Faiq Ağayev isə fikrimcə hər bir jurnalistin sevimlisidir. Hər kəslə kübar davranan cənab Qızıl Şlyaqer üçün pis jurnalist yoxdur! O, hər zaman hər kəslə münasibətlərini tənzimləyir.

Ancaq uzun illərdir Faiq Ağayeva və İlhamə Quliyeva ilə düşmən münasibətində olan xalq artisti Flora Kərimovanın media nümayəndələri ilə heç arası yoxdur. Sənətkardan hər jurnlalist müsahibə almır. Çünki Flora xanım qəzəbləndiyi an kimi istəsə məhkəmyə verə bilər.

Müğənni Səidə Sultan isə sözün əsl mənasında özünü qaldırıb-qoyub dağın lap təpəsinə. Hərdən fikirləşib deyirəm ki, bəlkə də başı yaradıcılığına qarışıb. Ancaq nə qədər zaman keçsə də Səidədən nə bir yenilik, nə "partladan" mahnı, nə də klip gəlir. Görəsən Səidənin başı hansı mühüm işlərə qarışıb? "Ulduzə" xanımı tapmırıq ki, sual verək!

Hələ mən Nura Surini demirəm. Yazıq Əli Mirəliyev, zamanında dedi ki, bu xanım oxumasa yaxşıdır. Kişinin sözünü qəribçiliyə saldırlar. Nədənsə Nura elə fikirləşir ki, o, müsahibəni istədiyi zaman verə bilər. Ancaq ona lazım olanda, işçiləri tərəfindən mətbuat üçün hazırlanan "mühüm" məlumatlar yayımlanır. Sonra da hələ bir narazı-narazı "O şəkili deyiş. Bu sözü yığışdır" kimi ifadələr eşidirik. Ancaq o, unudur ki, ona jurnalist lazım olduğu kimi oda jurnalistlərə lazımdır. Özü də Nura təzə adətə keçib. Reklamı o qədər çox sevir ki, bir diski iki dəfə təqdim edir. Televiziyada çalışan jurnalistləri restorana yığaraq, həm yeniliyini təqdim edir, həm də hamı birlikdə əylənir. Ancaq üstündən 1 həftə keçir, Nura xanım bu dəfə yazılı mətbuatı bir araya yığıb, heç nə olmamış kimi artıq "yeni" diskini "eksklüziv" olaraq təqdim edir. Özü də heç bir əyləncə məkanında, rahat şəraitdə deyil. Sırf mətbuat konfransları üçün nəzərdə tutulan məkanlarda.

Bu "xəstəlik" qalmaqallı müğənni Rəqsanədən də yan keçməyib. İfaçı xanım jurnalistlərə qarşı tez-tez fikrini dəyişir. Gah bir jurnalistlə "dost" olur və bütün yeni xəbərlərini ancaq onunla bölüşür. Gah da ki, "tutması" tutur. Ancaq ümumilikdə demək olmaz ki, Rəqsanə jurnalistlərə qarşı ulduzluq nümayiş etdirir.

Almaz Ələsgərli də "ulduzluq" etməyə çalışır. Uzun zamandır ondan müsahibə istəyirəm. Ancaq o gün məlum oldu ki, Almaz xanım "planlaşdırmamış yalan" da danışa bilir. Müsahibədən "ustalıqla" boyun qaçırmaq istəyən müğənnidə bu, alınmadı. Daha doğrusu boyun qaçırdı, amma ustalıqla deyil, gülünc şəkildə. Telefonda bizə "Mən rayondayam. Gələn həftə gələcəm" deyən ifaçı bir saat keçmədi ki, yerli kanalların birində canlı yayına çıxdı. Sonra heç nə olmamış kimi başladı elədiyini danmağa. Nə isə, özü bilər!

Baxın, Sevda Yahyayeva- bu xanım heç bir jurnalistə qarşı biqanə qalmır. Hər kəslə mehribanlıq yaradan Sevda hər zaman müsahibə verməyə hazırdır. Bu isə ona qarşı yalnız müsbət fikir yaradır.

Jurnalistlərlə münasibəti korlamayan çox kübar və mədəni müğənnimiz Lalə Məmmədovadır. Bu günə qədər eşitməmişəm ki, onun hansısa jurnalistlə problemi olsun.

Natəvan Həbibi də "müsahibə vermirəm" sindromuna tutulub. Müğənni mətbut nümayəndələrinə qəti şəkildə heç bir açıqlama vermir. Ancaq Natəvanın bu qərarından istifadə edənlər də az deyil. Onun yanında çalışanlar Natəvanın susmağını əlində bayraq edərək, onun əvəzinə danışıb, "parlamaq" istəyir.

Bu milli mətbuat günündə müğənni Ruhi jurnalistlərə jest etdi. Mətbuta nümayəndələrini bir araya toplayan xanım müğənni onların peşə bayramlarını təbrik etdi.

Səhnənin ən modern müğənnilərindən hesab olunan Rəhim Rəhimli də yaman kaprizlidir. Öz sözlərinə görə, ona zəng gələn zaman jurnalist sözünün baş hərfini eşidən də belə, açıqlama verməkdən imtina edir. Ancaq Rəhimin də sevdiyi jurnalist var. O, ilk müsahibəsini və bütün yenilikləri ancaq Türkan Məmmədli ilə bölüşür.

Bu siyahnı o qədər uzatmaq olar ki, yazmaqla bitməz. Ancaq nə olursa olsun, heç bir müğənninin jurnlistə naz etməyə ixtiyarı yoxdur. Bu halda onlar keçmişlərini unutmuş olarlar. Axı indi Azərbaycan səhnəsinin "super starları" zamanında elə qələm əhlinin hesabına məşhurlaşıblar.

Müğənnilərlə dostluq edən jurnalistlər

Rus dilli yazar Feleks Vişnevetskiy ümumiyyətlə qalmaqaldan qaçan qələm əhlinə məxsusdur. Onun ən sevdiyi ulduzlar "Eurovision" təmsilçilərimiz Aysel Teymurzadədir. Feleksi həmçinin model Valida Abbasova ilə də bir yerdə görmək mümkündür.

Azərbaycanın tanınmış jurnlistləri sırasında olan Şahin Cavadsoyun da kifayət qədər qalmaqalı olub. Aygün Kazımovanın qızı İlqarə ilə bağlı şok açıqlamaları yayan, paparatsi kadırlarının müəllifi və müğənnilərdən çəkinməyən xüsusiyyətə məhz Şahin malikdir. Şahin son zamanlar Türkiyə səfərləri ilə də yadda qaldı. Türkiyədə Azərbaycan müğənnilərinə, xüsusilə də Günel Ələkbərovaya dəstək olan da elə Şahin Cavadsoy oldu.

Xalq artisti Brilliant Dadaşova ilə isti münasibətlərdə olan Seymur Zakaryeyev Nura Suri ilə də dostluq edir.

Əvvəllər şou-biznes yazarı olan Ülkər Qasımova indi heç bir vəchlə şou nümyəndələrindən yazmır. Onun ən sevdiyi sahəsi isə "Eurovision" müsabiqəsindən yazmaqdır. Vurğulamaq yerinə düşər ki, Ülkər xalq artisti Flora Kərimovanın sevimli jurnalistlərindəndir.

Adı qalmaqallı jurnalist kimi hallanan Lalə Yusifqızını isə xalq artisti Nazpəri Dostəliyevanın yanında görmək olardı. Ancaq bir müddət öncə onların iş birliyinə son qoyuldu. Qeyd edək ki, Lalə həmçinin primadonna İlhamə Quliyevanın da sevdiyi jurnalistlərdəndir. Gənc müğənni Ayan da daim onunla məsləhətləşir.

Uzun illərdir şou-biznesdən yazar Tahirə də kifayət qədər qalmaqallı simadır. Onun ən sıx münasibətdə olduğu və daim tərəfini saxladığı xalq artisti Faiq Ağayev və müğənni Nura Suridir. Qeyd edək ki, Tahirə hazırda elə Nura ilə çalışır.

Yeganə Rzaxanova da kifayət qədər tanınmış jurnalistlərdəndir. O, hazırda Roza Zərgərli ilə çalışır. Zamanında Yeganə və Kərimlə də işləyib.

Uzun illərdir Elariz Məmmədoğlu ilə iş birliyində olan Azər Nəsibov da jurnlist karyerasında çox işlər görüb.

Son vaxtlar mediada əsl səs-küy yaradan Zülfiyyə Qurbanova oldu. Onun rəqqasə Oksana Rəsulova və reper Elşad Xose ilə davası hər kəs tərəfindən izlənildi. Tərəflər hətta məhkəməyə qədər gedəcəklərini bildiriblər.

Bu siyahını da uzatmaq olardı. Ancaq bu illik bu qədər. Görək gələn il media mənsubları ilə şou-əhlinin münasibətləri nə yerdə olacaq.

Sonda demək istərdim ki, həyat uzunluğuna görə deyil, mənasına görə qiymətləndirilir. Odur ki, əziz şou-biznes əhli gəlin çalışaq ki, həyatımız mənalı və düzgün olsun.

Yenə də ümid edirəm ki, bizim bu şou-əhli nə vaxtsa düzələcək. Axı ümidsiz həyat – bir anlıq ölümdür. Mən isə belə ölmək istəmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə