Emin Ağalarov: ““Eurovision” üçün özümü yaxşı namizəd saymıram”- MÜSAHİBƏ

Emin Ağalarov: ““Eurovision” üçün özümü yaxşı namizəd saymıram”- MÜSAHİBƏ

Xarici hit paradları fəth edən azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Nardaranda yerləşən "Sea breeze" otelində yerli mətbuat nümayəndələri ilə görüş keçirib.

Müğənni jurnalistləri şəxsən qarşılayıb və onlarla tək-tək salamlaşıb. Səmimiliyi ilə mətbuat nümayəndələrinə xoş təsir bağışlayan Emin müsahibə verib.

SİA onun jurnalistlərə verdiyi müsahibəsini təqdim edir:


- 7 iyul tarixində Yaşıl Teatrda xeyriyyə konserti verdiniz. Konsertdən sonrakı təəssüratlarınızı bilmək istəyərdik.

- Çox yaxşı oldu. Yaxınlarım məni dəstəklədilər. Fanatlar konserti hərəkətləndirdilər.

- Konsertdən əldə etdiyiniz qonorarı açıqlaya bilərsiniz?

- Əlbəttə, açıqlaya bilərəm. 100 min dollar vəsait əldə etmişik. Artıq bildiyiniz kimi, əldə olunan gəlirlə məktəbin idman zalı təmir olunacaq.

- Atanız nədən əməliyyat olunub, vəziyyəti necədir?

- Şükür, indi yaxşıdır. Onun ayaqlarında problem var idi.

- Hər il "Eurovision"da Azərbaycanı təmsil etməyə doğru gedirsiniz. Amma nədənsə tamaşaçılar sizi o səhnədə görmürlər.

- "Eurovision" məsuliyyət tələb edir. Axı qalib gələn şəxs il boyu hər yeri səyahət etməlidir. Mənim buna vaxtım yoxdur. "Eurovision" üçün özümü yaxşı namizəd saymıram. Üstəlik mənəvi cəhətdən də hazır deyiləm. Bunun üçün çoxlu vaxt və enerji sərf etmək lazımdır. Azərbaycan "Eurovision" müsabiqəsində son illər çıxış etməyə başlayıb. 4 dəfə qatılıb və hər dəfə uğurlu nəticə əldə edib. Sonuncu iştirakımız isə xüsusi yadda qalan olub.

- "Eurovison"da aparıcı olacağınız barədə xəbərlər həqiqətdir?

- Aparıcılıq üçün xüsusi təhsil lazımdır. Həmişə demişəm ki, hər şeyin yaxşı, mükəmməl olmağını sevirəm. Danışmaq, konsert vermək ilə xüsusi plan üzrə aparıcılıq etmək arasında böyük fərq var.

- 9 iyul elə burada Nardaranda keçirilən konsert proramında sizlə birgə Səfurə, Aysel, Eldar və Nigarda çıxış edəcək. Bəs, niyə biz ilk təmsilçilərimiz olan Samirlə Elnuru bu siyahıda görmürük?

- Mənim sadəcə o uşaqlarla əlaqəm yoxdur. Şəxsi tanışlığımız yoxdur. Əgər siz bacarırsınızsa, onları mənim adımdan dəvət edin, gəlib bizimlə çıxış etsinlər. Mən sadəcə şad olaram. Əgər onlar gəlmək istəsələr mən burda heç bir problem görmürəm.

- Niyə öz dilinizdə ifa etmirsiniz?

- Əgər mən azərbaycanca oxusaydım, siz artıq konserti tərk edib gedərdiniz (Gülür). Mən düşünürəm ki, insanlara yaxşını təqdim etmək lazımdır.

- Siz heç rus dilində də oxumursunuz.

- Yayınmaq istəmirəm. İngilis dili beynəlxalq dildir. 15 dəqiqəyə klip çəkmişəm. Bundan başqa, Pol Makkarti ilə sinxron rəqs üzərində klip çəkilib.

- Konsertdə yeni ifa etdiyiniz bir mahnı çox bəyənildi. Ancaq həmin mahnını alboma daxil etməyəcəyinizi bildirdiniz. Bunun səbəbi nə idi?

- Bu mahnı mənim musiqi seçimimlə uyğun deyil. Bu, təbii ki, yaxşı musiqi idi. Lakin ən yaxşı mahnı deyildi. "Wonder" albomumla istədiyim nəticəni əldə etdim. Çox uğurlu idi, onun da belə nəticə verməsini istəyirdik.

- Siz mahnı bəstələyəndə əhval-ruhiyyə, yoxsa real faktlar əsas rol oynayır?

- O baxır vəziyyətə. Əhval-ruhiyyə də rol oynayır, hadisələr də. Hadisələrin təfərrüatlarını açıqlamaq istəməzdim.

- Siz həm də uğurlu biznesmensiniz. Bu sizə musiqi ilə məşğul olmağa mane olmur ki?

- Yox, əksinə beyni yüngülləşdirir. İncəsənət də işdir.

- Sizin birinci peşəniz hansıdır? Fikrimizcə, yaxın zamanda müğənnilik sizin birinci peşəniz olacaq.

- Əslində mənim üçün birinci-ikinci anlamı yoxdur. Məşğul olduğum hər bir iş mənim üçün birincidir. Mən bu işə həvəs kimi baxmıram.

- Özünüzə duet ortağı kimi seçərdiniz?

- Mən artıq duet oxumuşam. Bu, Müslüm Maqomayev olub.

- Bəs gənc müğənnilər arasında kimlə oxumaq istərdiniz?

- Hələ bilmirəm, düşünməmişəm.

- Bəlkə bəyəndiyiniz xüsusi bir ifaçı var.

- Əslində bəli, var. Şade ilə duet oxumaq istəyərdim.

- Leyla xanımın sevdiyi mahnı var və hansıdır?

- Var. Alboma daxil olmayıb, mahnı yazılıb, lakin növbəti albomda mütləq olacaq.

- Kumirləriniz kimdir?


- Əvvəllər ən çox Elvis Presli bəyənmişəm. Sonra isə Müslüm Maqomayev, Şade və digərlərini bu siyahıya daxil edə bilərəm. 15 ildir, musiqini öyrənirəm.

- Sizi özünüzdən nə çıxarır və nə sakitləşdirə bilər?

- Müxtəlif şeylər hirsləndirə bilər. Lakin uşaqlarım sakitləşdirir.

-Uşaqlardan söz düşmüşkən. Onları necə tərbiyə edirsiniz?

- Deyirəm ki, atanın gözünü çıxarmaq, qulaqlarını dartmaq, üzünə tüpürmək olmaz. Bilirsiniz, tərbiyənin xüsusi formulu yoxdur. Atam öz atasını 14 yaşında itirib və o yaşda artıq öhdəçiliyi olub. Atam mənə məsuliyyətsizlik etməyə icazə verməyib. Bu, mənə uğur əldə etmək üçün stimul olub.

- Hamının həyatında əhəmiyyətli tarix var. Sizin tarixiniz nədir?

- Yəqin ki, 31 dekabr. Bu gün Yeni il və anamın doğum günüdür.

- Amerikada oxuyanda musiqi solisti olmusunuz?

- Beynəlmiləl qrupumuz var idi. Həvəskar musiqiçilərdən ibarət idi.

- Nəyi arzu edirsiniz?

- Doğmalarımın sağlam olmağını!

- Sizi ən çox kim tənqid edir?

- O sizinlə üzbəüz oturub.

- Özünüzü nə aktyor, nə aparıcı qismində görürsünüz...

- Yəqin fəaliyyətim çoxşaxəli deyil (Gülür).

- Hansı sizin üçün əhəmiyyətlidir: sənət, yoxsa, biznes?

- Ayırmayın. Nə ilə məşğul oluruqsa, o birincidir. Musiqi ifa edəndə musiqini, bizneslə məşğul olanda biznesi əsas işim hesab edirəm.

- Hazırda Nardarandasınız. Yerli əhalinin torpaq problemi var, onlar sizə bu barədə şikayət, müraciət ediblər?

- Onlar şikayət edirlər, lakin təəssüf ki, çoxunun torpaqla bağlı rəsmi sənədi yoxdur. Amma elə uzun illərdir narazıdırlar.

- Evlilikdən sonra sevgi ölür?

- Əsl sevgi ölməzdir. Mənim sevgimi necə görürsünüzsə, elədir.

Musiqi ilə bağlı başqa nə planlarınız var?

- Almaniyanın musiqi şirkəti ilə 3 albom üçün müqavilə imzalamışıq. Bundan başqa, bir ildən sonra Amerikada musiqimizi təbliğ etməyi düşünürük. Və təbii ki, Azərbaycan, Rusiya və İngiltərə. Hazırda albom üzərində çalışıram. Hitə çevriləcək mahnılar üzərində çalışıram və xaricdə konsertlərə hazırlaşıram.

Bütün xəbərlər Facebook səhifəmizdə