“Toppuş” bacı: “Televiziya aktyorun \"day-dayıdır”-AÇIQLAMA

“Toppuş” bacı: “Televiziya aktyorun \"day-dayıdır”-AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Tünzalə Əliyeva uzun illər səhnədə olmağına baxmayaraq xalq onu "Toppuş"la tanıdı indi də hər kəs ona "Toppuş" deyə müraciət edir. SİA-ya açıqlama verən aktrisa bu ləqəbdən bezib-bezmədiyini açıqladı: "Televiziya belədir də… Doğrudur, Azərbaycan teatrının görkəmli nümayəndələrini xalq səhnədə görüb sevib, amma razılaşmaq lazımdır ki, bu gün televiziyanın təsiri çox böyükdür. Televiziya aktyorun "day-dayıdır", onu tamaşaçıya məcburən də olsa sevdirir. Teatrda tamaşaya uzağı 500 adam baxa bilər. Hər aktyor bütün tamaşa boyu səhnədə görünmür, axı. Amma televiziyanı birdən-birə milyonlarla tamaşaçı seyr edir. Onlardan 900 mini səni xoşlamırsa, heç olmasa 100 min nəfərində sənə qarşı müəyyən rəğbət yaranır. Bu da kifayət qədər böyük rəqəmdir. Ona görə də populyarlaşmaq mənasında televiziyanın böyük rolu var.


"Toppuş" məni əgər xalqa tanıtdırıb sevdirirsə, insanların hörmətini qazanıbsa, ondan nə üçün bezməliyəm? Əksinə, obraz kimi "Toppuş" mənim çox xoşuma gəlir və bir vücud kimi o mənəm. Xasiyyətlərimiz də üst-üstə düşür. Açığı, etiraf etməliyəm ki, hamımız qeybət edirik də, bu, insanlarda təbii xüsusiyyətdir… Biz nə edirik ki? Elə şeylərdən danışırıq ki, onları camaat bizdən əvvəl də bilirdi. Nə var, ondan danışırıq, heç nəyi şişirtmirik. Əksinə, sonradan baş verəcək qalmaqalların qarşısını alırıq.

Bizim verilişin çəkilişləri diqqətlə montaj olunmasa, sonradan böyük "katastrofa"lar baş verə bilər… "SOY" şirkətində çalışan ağıllı insanlar nəyin düzgün olub-olmadığını yaxşı bilirlər. Elə şeylər var ki, onları efirə buraxmaq olmaz. Hərdən mənim acığım tutur ki, filankəs bu sözü deməyibmi, deyib, bəs niyə efirə vermirsiniz? Qoy, xalq bu insanların iç üzünü görsün, onları daha da yaxından tanısın".

Bütün xəbərlər Facebook səhifəmizdə