Azərbaycanlı modelyer: “Modada olduğu kimi, bu işi də birinci mən başladım”- MÜSAHİBƏ

Azərbaycanlı modelyer: “Modada olduğu kimi, bu işi də birinci mən başladım”- MÜSAHİBƏ

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın SİA-ya müsahibəsi:



-Fəxriyyə xanım, peşəkar modellərimizin sayı nə qədər olar?


- Model üçün kriteriyalarım var. Boy məhdudiyyəti qoyuram. Hazırda 10 qız, 6-7 oğlan model var ki, mütəmadi olaraq onlarla işləyirəm. Qeyri-peşəkarla işləmirəm. Gənclər elə düşünürlər ki, model olmaq çox asan işdir. Düşünürlər ki, ona təhsil, intellekt lazım deyil. Amma belə deyil. Modelə intellekt gərəkdir. Mən podiuma çıxmıram, amma model mənim informasiya daşıyıcımdır. Podiuma çıxan model işlərimi mənim adımdan çox peşəkarlıqla təqdim etməlidir.

Modellər beynəlxalq sərgilərə çıxıb stendləri tanıdırlar, hər şey onlardan asılıdır. Müdir çıxmır ki, camaatın qarşısına. Yəni biznesin inkişafı, əlaqələr modeldən asılıdır. Çox çətin peşədir. Model daim öz üzərində işləməlidir. Onlar formasını saxlamasından, dil bilməsinə, xarakterinə, dözümlülüyünə qədər bütün keyfiyyətləri özündə cəmləşdirməlidir.



- Azərbaycanda modellər podiumda pul qazana bilirmi?


- Bizdə bir-iki agentlik var ki, onlar mütəmadi işləyirlər. Onların nümayişləri, sərgiləri olur. Onlar aylıq qazanclarını çıxara bilirlər. Burada əsas məsələ peşəkarlıqdır. Sabah biri çıxıb deyə bilər ki, Fəxriyyə xanım, mən modeləm. Amma mən ondan soruşanda ki, boyun necədir, deyir 175 sm. Deyirəm ki, bu boy model sayılmır, orta boydur. Model olmaq üçün 185 sm boy lazımdır. Hazırda 5-10 nəfər belə model var. Onlar peşəkardır və həmişə iş tapırlar. Amma deyə bilmərəm ki, onların sayı çoxdur. Model üçün peşəkarlıq lazımdır.





- Son zamanlar kolleksiyalarınızda yenilik nəzərə çarpmır



- Siz çox əminlikə deyirsiniz və yanılırsınız. Telekanallarda yeni kolleksiyalar nümayiş etdirdik. Baxış bucağınız yalnışdır. Siz mütəxəssis deyilsiniz, ancaq rəngləri görürsünüz. Və deyirsiniz ki, bu yenə çəhrayı rəngdir! Amma belə deyil, bu rəng yarımçəhrayı da ola bilər.



- Bəs ətir biznesindən qazanc götürmüsünüzmü?


- Hələ ki, yolun başlanğıcındayam. Müvəffəqiyyətlər qabaqdadır. Modada olduğu kimi, bu işi də birinci mən başladım. Ona görə də yol göstərənim yoxdur. Özüm öyrənə-öyrənə, icad edirəm. Ancaq onu deyə bilərəm ki, layihənin sonunda uduzmayacağam. Bilirəm ki, zərərə düşməyəcəyəm və qoyduğum vəsaiti qaytaracağam. Qazanca gəldikdə isə, birinci ətirdən qazanc gözləmirəm. Qarşıma elə məqsəd qoymuşdum ki, elə ancaq vəsaitimi qaytarım və həmin vəsaiti sonradan başqa ətirlərin istehsalına yönəldim.


- Bəs kişi ətirləri istehsal etmək fikriniz var?


- "Nuray"ı bitirdikdən sonra kişi ətirləri yaradacağam. Düşünürəm ki, kişi ətirlərindən sonra artıq istədiyim məbləği qazanc əldə etməyə başlayacağam. Kişilər üçün ətirlər atıq son mərhələdədir. Digər bir tərəfdən, burada çeşid məsələsinin də xüsusi önəmi var. Məsələn, məndə hələlik bir çeşid ətir var. Bir rəfdə 5 çeşid məhsul olduqda, rahat ola bilərəm ki, birinin satışı o birisini kompensasiya edəcək. "Nuray" ətirlərinin satışından çox razıyam. Gənc qız və oğlanlar üçün tamamilə ayrı bir ətirlər istehsal etmək fikrindəyəm. Bax, bu 5 çeşidə gəlib çatanda tam rahat olacağam ki, artıq qazanc əldə edirəm. Adına gəldikdə isə hələ qərar verməmişəm. Üç ad var - avtomobilimin nomrəsi 579, "Magnum", "Elbrus" zirvəsi qoymaq istədim, amma heç biri tutulmadı. Hazırda axtarışdayam.


- Biznesiniz üçün bazar əldə etmisinizmi?


- Bazar Azərbaycan və paytaxt Bakıdır. Ölkə xaricinə hələlik çıxmamışıq. "Nuray" ətri 1 ildir satışdadır. Ancaq mənim ətrimi indiyə qədər neçə ölkənin birinci şəxslərinin xanımlarına hədiyyə aparıblar. Bu özü elə keyfiyyət göstəricisidir. Bizim keyfiyyət sertifikatlarımız çoxdur. İlk öncə özəlliyi odur ki, mənim icad etdiyim ətirdir. Bu ətir gün boyunca - səhərdən axşama qədər bir xanımı müşaiyət etsə, xanıma müsbət enerji verəcək. Qoxunun özü çox gözəldir və buna görə də xanımda çox gözəl əhval-ruhiyyə yaradacaq və ətrafla gözəl dialoq qurmaq imkanı verəcək. Mən bu ətiri elə yaratdım ki, insanlar tərəfindən anlaşıla biləcək qoxu olsun. Elə ətirlər var ki, insanda baş ağrısı yaradır. İndi istəyirəm ki, ətiri qonşu dövlətlərin - Gürcüstan, İran, Türkiyə kimi ölkələrin bazarlarına çıxarım.

Bütün xəbərlər Facebook səhifəmizdə