Məleykə Əsədova: “İnsanlar yalnız öz həyatlarının taleyini oynayırlar”- AÇIQLAMA
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova ifa etdiyi rollardan söz açdı. SİA-ya açıqlama verən aktrisanın sözlərinə görə, onun ifa etdiyi rollar həyatda həmin rolun prototipinin yaranmasına səbəb ola bilər: "Əlbəttə yarana bilər. Həmin tamaşadan nə isə öyrənə də, öyrənməyə də bilər. Tamaşa elə qurulmalıdır ki, teatra baxan tamaşaçı xəyalında canlandırdığı obrazı orada tapsın və onunla yaşasın. Biz də uşaq ikən özümüzü hər hansı bir qəhrəmana bənzətməyə çalışmışıq. Bunun böyük əhəmiyyəti var. Bu gün Qoqolun əsərinin qəhrəmanını canlandırıram. Diqqət yetirsəniz, görəcəksiniz ki, neçə illər əvvəl yazılan əsər günümüzlə uzlaşır. Çox qəribədir ki, Cəfər Cabbarlının "Aydın" əsəri də keçən əsrin əvvəllərində yazılıb, hələ də aktuallığını itirməyib. Bu gün də Aydınlar, Gültəkinlər, Aqafiyalar və başqa obrazların prototipləri var".
Xalq artisti "insan həyatda aktyordur, yoxsa öz həyatının rejissorudur?" sualına da özünə məxsus şəkildə cavab verdi: "Əslində, insan həyatda həm rejissor, həm də aktyor ola bilər. Biz aktyorlar bir insanın taleyini deyil, bir neçə insanın taleyini canlandırırıq və həmin insanın taleyi ilə də yaşayırıq. Aqafiyanın, Kleopatranın tamaşaçıya məlum olmayan-bilinməyən, görünməyən və hiss edilməyən tərəflərini üzə çıxardıram. Şekspir deyib ki, həyat bir səhnədir, insan isə aktyordur. Hər bir insan həyatda öz taleyini oynayır. Təkrar edirəm, insanlar yalnız öz həyatlarının taleyini oynayırlar, biz isə müxtəlif insanların həm taleyini oynayırıq, həm də onların taleyini yaşayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB