Kenan MM: “...klipin kökü kəsilir” --AÇIQLAMA

Kenan MM: “...klipin kökü kəsilir” --AÇIQLAMA

Azərbaycanın tanınmış klipmeykeri Kənan MM klip sahəsində yaşanan durğunluqdan söz açdı. SİA-ya açıqlama verən rejissorun sözlərinə görə, hazırda normal klip yoxdur: "Biri var klip müəyyən müddətdə olur, sonra dayanır. Hazırda isə klipin kökü kəsilir. Bu, nə ilə əlaqədardır? Birinci, əvvəllər müğənnilərimiz deyirdilər ki, bizdə müasir texniki avadanlıqlar yoxdur. Ona görə də kliplərimiz bərbad vəziyyətdədir. Amma zaman elə gətirdi ki, xaricdə olan ən son model və müasir texniki avadanlıqlardan artıq bizdə də var. İndi həmin avadanlıq sayəsində rejissor istənilən keyfiyyətlə klipi müğənniyə verə bilər. Di gəl, müğənni rejissordan həmin keyfiyyətli klipi tələb edə bilmir. Çünki pulu çatmır. Deməli, keyfiyyət məsələsini ön plana çıxarmaq və bu cür söz-söhbətlər etmək bəhanədir".


Rejissor həmçinin sadəcə görüntü üçün klip çəkdirən müğənni haqqında da danışdı: "
Onlar sənət haqqında düşünmürlər. Bir tərəfdən müğənniləri də qınamıram. Ona görə ki, bizdə diskdən və konsertdən pul qazanmaq müşkül məsələdir. Bu, dünyanın bir çox yerlərində belədir. Mp3 və internetdən yükləmələr yarandıqdan sonra albom satışları 70 faiz aşağı enib. Yalnız keyfiyyət axtaran adam xüsusi formatda məhsulu hazırlayır. Bu da real göstərici deyil.

İkinci, televiziya kanallarında kliplərin yüksək qiymətlə yayımlanması problemi var.

Üçüncü isə müğənnilərimizin əksəriyyəti deyirlər ki, əşşi, onsuz da məni tanıyırlar da... Mənim klipə ehtiyacım yoxdur? Müqayisə edək - bu adamların məntiqi ilə Şakiranın, Riannanın, Tarkanın klipə heç ehtiyacı olmamalıdır. Amma həmin müğənnilərin hər albomunda yer alan mahnıların ən azı 5-nə klip çəkilir. Bu, o deməkdir ki, onlar sənətkardırlar və həmin şəxslər də ancaq ev, villa, avtomobil haqqında düşünmürlər. Onlar üçün sənət və keyfiyyət önəmli məsələlərdir. Məhz belə olduğu üçün dünya ulduzları sənətlərinin bəhrəsini artıqlaması ilə görürlər. Bizimkilər isə yalnız \"toyum olsun\" prinsipi ilə yaşayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə