“Birinci sənin adın səslənir- Bəsti Bəkirova” – MÜSAHİBƏ- FOTO
Azərbaycanın və Dağıstanın əməkdar artisti Bəsti Bəkirovanın SƏS TV-yə müsahibəsi:
- Bəsti xanım, uzun zamandır efirlərdə görünmürsünüz. Səbəb nədir?
- Ataların bir sözü var "Çağrılan yeri ar eləmə. Çağrılmayan yeri dar eləmə". Mən dəvət olunan hər bir yerə gedirəm. Çox təəssüflər olsun ki, bizim nəsildən olan mən yaşda müğənniləri efirə çox az-az dəvət edirlər. Çünki gənc müğənnilər çoxdur. Bizim dövrümüzdə belə şeylər yox idi. Bilmirəm, nə baş verir. Bəlkə bədii şura yoxdur, ona görə. Bir də səsi olan da, olmayan da efirə çıxır. Düşünürəm ki, bu cür müğənnilərlə bir səhnəni paylaşmaqdansa, elə gec-gec çıxıb hörmətli qalmaq daha yaxşıdır.
- Dediniz "çağrılmayan yeri dar eləmə" belə başa düşdük ki, sizi efirlərə çağırmırlar?
- Deməzdin ki, çağırmırlar. Dövlət səviyyəsində keçirilən konsert proqramlarına məni dəvət edirlər. İndi çıxan müğənnilər efirə o qədər tez-tez çıxırlar ki, onların yanında bizim kimi müğənnilərin efirə çıxışı xalqa az görünür. Bir ölçü meyarı olsaydı, onların da, bizim də gördüyümüz işlər ölçüyə qoyulardı. O zaman hər şey ortaya çıxardı, axı, xalqın gözü tərəzidir. O vaxtkı dövrdə də zəif oxuyanlar olub, amma onlar cəmi 1 % təşkil edib. Ancaq indi 90 % səviyyəsiz, səsi olmayan müğənnilərdir. Lakin 10 % sənəti olan muğənnini səhnədə görə bilərsiniz.
İndi bizə bizim vaxtımızda səhnəyə gələn sənətçilər qiymət verir. Onlar bizə hörmət edir və hər zaman da edəcəklər. 2000-ci ildən sonra gələn gənc nəsl loru dildə desək, "musiqi savadı olmayan uşaqlara" daha çox üstünlük verirlər. Əlbəttə ki, televiziyalada səsi olmayan, üzdən iraq müğənnilərin çoxluğu bizim sənətimizi kölgədə qoyur.
- Elə müğənnilər var ki, onların yaşları sizin səhnədəki fəaliyyətinizdən belə azdır. Amma o müğənnilər indi yerli şou-biznesdə hökmranlığı öz əllərinə alıblar və ulduz xəstəliyinə tutulublar. Onlarda hətta baş gicəllənmələri başlayır. Sizcə, bu nədən yaranır?
- Bizim nəslin insanlarında abır-həya var idi. Bu adamlarda isə yoxdur. Bir insan ki, deyir "mən o zirvəni fəth etmişəm, məndən yoxdur" ondan bədbəxt adam yoxdur. Mənim müəllimlərim Gülağa Məmmədov, Elmira Rəhimova olub, mən o sənətkarlardan bəhrələnmişəm. Amma indiki müğənnilər heç bir sənətkarı dinləmək istəmir, əhəmiyyətli, dəyərli nə varsa, onları mənimsəməyi belə özlərinə rəva görmürlər. Artıq iki ilə yaxındır ki, mən kənara çəkilmişəm. Şou-biznesdən çox bizneslə məşğul oluram, mən bu günkü gündə özümü, hətta biznes ledi belə adlandıra bilərəm.
-Bilirik ki, şəxsi biznesiniz var. Amma bu barədə danışmağı sevmirsiniz. Bəsti xanım, 27 ildir sənətdəsiniz. Sizcə, sənətdə çəkdiyiniz əziyyət layiqincə qiymətləndirilir?
- Çox düzgün vurğuladınız. Dağıstan tərəfindən mənə birinci dəfə ad verilməsi nə dərəcədə məqsədə uyğundur? Mənim 25 illik səhnə fəaliyyətimdə ilk dəfə olaraq mənə fəxri adı Dağıstan Respublikası tərəfindən verilib. Dağıstanlı olmağıma baxmayaraq mənim Azərbaycan mədəniyyətinə göstərdiyim xidmətləri sadalasam, vaxtımız çatmaz. Azərbaycanın elə bir guşəsi, elə bir rayonu elə bir kəndi, qəsəbəsi, zavodu, fabriki, ferması yoxdur ki, mən orada canlı konsert proqramı ilə çıxış etməyim. Təəssüflər olsun ki, bütün bunlar qiymətlədirilmədi.
- Duet ortaqlarıınızla münasibətləriniz necədir? Məsələn, Səməd Səmdovla?
- Necə ola bilər, yaxşı. Bilrsiz insan nə pisliyi unudur, nə də yaxşılığı. 1996-cı ildən 2000-ci ilə qədər biz birlikdə duet oxumuşuq.
- O qeyd edib ki, duet oxuduğu bütün xanım müğənnilər məhz onun sayəsində məşhurlaşıblar
- Bəli, biz onunla birgə oxumuşuq. Amma bu o demək deyil ki, mən S. Səmədovla duet oxuduğum üçün populyar olmuşam. Mən öz zəhmətimin müqabilində bunu əldə etmişəm. Bu əsla belə deyil. Düzdür, bu bir az kobud səslənsə də o həmişə mənə deyirdi ki, sən "itlənməmiş almazsan. Amma mən səni itiləmişəm". Demək nəsə var idi ki o belə deyirdi. Yoxsa quyuya su tökməklə suyla dolmur ki. Bu var idisə, bu geç-tez ortaya çıxacaq. Fərqi yoxdur, Səməd olsun, yoxsa qeyri Səməd. Mən evdə otura-otura o bunu etsəydi, mən deyərdim ki, bunu Səməd edib. Yenə də deyirəm, əgər mən səhnədə görünmüşəmsə, öz zəhmətimin müqabilində bunu əldə etmişəm. Duetin də ziyanı olmayıb. Duet şəkilində bizim bir çox mahnılarımız var idi. "Səni taparam" mahnısı böyük bir əks-səda doğurmuşdu. O mahnını Səmədin balaca, yumşaq, bəm mənim isə böyük zil səsim tamamlamışdı.. Biri var sən kiminsə əlinə baxasan, gətirib 10 mini versin, o da sənə 500 verir. Amma biri də var ki 10 mini alırsan, 7 mini qopyursan cibinə 3 mini paylayırsan, hansı yaxşıdır? Burda artıq sən şefsən, rəhbər sənsən. Birinci sənin adın səslənir- Bəsti Bəkirova.
- Bəsti xanım, toylarda vəziyyət necədir?
- Toylarada, ad günlərinə də, banketlərə də gedirəm. Toy bizim mədəniyyətimizin yüksək zirvəsində olan vacib amillərdən biridir. Hər bir valideyinin arzusudur ki, övladlarının toyunu görsün. Bəzən toya dırnaqarası baxırlar. Biz qazancı ancaq toylardan əldə edirik. Toyda olan sənət nümayişini konsertdə etmək mümkün deyil, çünki toy çox ağır və mürəkkəb bir məktəbdir. Konsertə hazırlıqlı planlı şəkildə gedirsən, amma toyda nəyi ifa edəcəyini əvvəlcədə bilmirsən.
- Sirr deyilsə, oxumağınızın qiyməti nə qədərdir?
- Sirdir (gülür). Qoy, bu məndə qalsın. Çünki mən sənəti pula dəyişən insanlardan deyiləm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB