Dilarə Əliyeva: “Boğçanın ağzını açsaq, tornado ola bilər”- MÜSAHİBƏ
Tanınmış aktrisa və teleaparıcı Dilarə Əliyevanın SİA-ya müsahibəsi:
- Aparıcı olduğunuz "Burada və indi" mənə Türkiyənin "Kanal D" kanalında yayımlanan "Bəyaz şou"nu xatırlatdır...
-Əslində, böyük həcmli şou-proqramlar bir-birinə çox bənzəyir. Düzün desəm, "Bəyaz şou"nun internetdəki bəzi kadrlarına baxmışam, proqrama bütövlükdə tamaşa etməmişəm. Bu verilişlərin kökündə əyləncə dayandığı üçün, vizual və məzmun etibarilə bir-birini xatırladır. Əsas odur ki, efirə yüksək peşəkarlıqla hazırlanan veriliş buraxırıq. Mənə elə gəlir, indiyədək təqdim etdiyimiz əyləncəli proqramların içərisində "Burada və indi" daha əyləncəlidir. Məncə, verilişlərin bir-birinə bənzəməsində elə bir problem yoxdur, lakin etiraf edək ki, "Bəyaz-şou"nu xatırlatsa da, "Burada və indi" başdan-başa milli kaloritlərlə zəngindir. Bu verilişdən sırf azərbaycançılıq ətri gəldiyinə görə inanmıram ki, insanlar "Burada və indi"yə baxa-baxa onun "Bəyaz şou"ya bənzədiyini düşünsünlər.
- Gec olsa da soruşmaq istəyirəm, "Çal-çağır" nə üçün "Burada və indi" oldu?
- Verilişin həm adını, həm də dekorasiyasını dəyişdik. "Çal-çağır" əyləncəli tok-şou idisə, "Burada və indi" proqramı sırf əyləncəyə köklənib. Amma məzmun etibarilə, təbii ki, qonaqlarımız yenə də şou-biznes nümayəndələri olurlar. Artıq 13 ildir, "Çal-çağır" kimi efirə çıxırdıq, hər şeyi dəyişdiyimizə görə istədik ki, verilişin adı da yeni olsun. Əslində, "Burada və indi" tamamilə başqa veriliş oldu. Əvvəllər məqsədimiz şou-biznes aləmindəki pıçhapıçları, qalmaqalları müzakirəyə çıxarmaq idisə, indi bu qalmaqallarla zarafat etməklə kifayətlənirik. Bunu etməkdə əsas məqsədimiz insanların həftə ərzində qarşılaşdıqları stresi, əsəb gərginliyini bazar günü televizorun qarşısında oturub bizim verilişə baxa-baxa atmasıdır. Yəni, insanlara xoş əhval-ruhiyyə aşılamaq arzusundayıq.
- Verilişdə sizin həm də rəqqasəlik qabiliyyətinizi müşahidə etdik. Günü-gündən rəqs etməyiniz mükəmməlləşir. Sonra bu hobbiniz peşəkarlığa çevrilməz ki?
- Bu gün-sabah "Lambada" da olacaq... "Renessans" rəqs qrupu cari mövsümdən bizimlə çalışmağa başlayıb. Həftədə 3 gün bu qrupla məşq edirik. Ümumiyyətlə, verilişə diqqətlə baxan tamaşaçı orada necə böyük zəhmətin çəkildiyini müşahidə edir.
- Yaxşı... Toppuş bacı ilə Keyxanım deyir ki, əgər boğçamızın ağzını açsaq, aləm bir-birinə dəyər. Qataq aləmi bir-birinə?
- Xeyr, bağışlayın ki, mən bu məmnuniyyəti sizə verə bilməyəcəyəm. Biz efirdə deyilməsi mümkün olan şeylər barədə danışırıq. Təbii ki, Azərbaycan şou-biznesi çalxalanan dəryaya bənzədiyinə görə boğçanın ağzını açsaq, tornado ola bilər. Siz məgər bir jurnalist olaraq incəsənət aləmi barədə eşitdiyiniz hər şeyi yazırsınız? Sizin də özünüzə məxsus senzuranız var. Bizdə də belədir. İndiki halda bizim məqsədimiz nəyinsə dərinliyinə gedib qaşınmayan yerdən qan çıxarmaq deyil. Sadəcə, xəbərlərə məzəli don geyindirib insanların kefini açmaqla məşğuluq ki, nə şiş yansın, nə kabab... Bu ilin noyabrında bizim verilişin 15 yaşı tamam olacaq. Bu illər ərzində əsas devizimiz də belə olub ki, nə şiş yansın, nə kabab...
Biz elə şeyləri efirdə qabardırıq ki, onları hamı bilir. Əgər eksklüziv xəbərlərimiz olubsa, inanmırıq ki, bu halda da kiminsə qəlbinə toxunmuşuq.
-Özünüzü Azərbaycanın şouvumeni hesab edirsiniz?
- Qoy onu mənim tamaşaçılarım desin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB