\"Hava proqnozu\"nun aparıcısı Lətafət Ələkbərova şou-biznes üçün fərqli proqnoz verdi - MÜSAHİBƏ

\"Hava proqnozu\"nun aparıcısı Lətafət Ələkbərova şou-biznes üçün fərqli proqnoz verdi - MÜSAHİBƏ

\"Space TV\" də tanınmış Azərbaycan psixoloqu Vaqif Bəxtiyaroğlu ilə birgə \"Hava proqnozu\"na aparıcılıq edən tanınmış tele-aparıcı, Afrika ölkəsi Namibiyada çəkilmiş \"Extreme\" realiyi-şousunun ən çox danışılan iştirakçısı Lətafət Ələkbərova şou-biznes üçün fərqli proqnoz verdi. Əslində o, bizim təşəbbüsümüzlə belə bir addım atdı. Şou aləmində yaxın günlərdə vəziyyət necə olacaq? O, SİA-nın suallara cavab verməklə yanaşı, qaynamaqda olan yerli şou-biznes üçün bəzi proqnozlarını açıqladı:

- Şou-biznes dünyasında havalar getdikcə gərginləşəcək. Məncə, fırtınalar gözləməyə hamımız hazır olmalıyıq.

- Deməli, bu isti havaların birdən-birə soyuyacağı ehtimalından əminsən...

- Yüzdə-yüz. Bu təbiətdə də, şou-biznes də belədir ki, fəsilə xas olmayan anormal isti havalardan sonra sükut pozulur və qeyri-adi fırtına qopur.

- Bu fırtına kimlər tərəfindən qopacaq?

- Əsasən müğənnilər gündəmdə qalmaqdan ötrü qalmaqallara əl atırlar. Qalmaqal olmadıqda isə bəziləri şəxsi həyatlarını gündəmə gətirirlər. Yenə də başlayacaqlar qondarma sevgi macəraları, qalmaqallarını sərgiləməyə.

- Səncə, \"Hava proqnozu\"da səninlə birgə aparıcılıq edən psixoloq Vaqif müəllimə bizim müğənnilərin çoxmu ehtiyacı var?

- Vaqif müəllim arada-sırada ad çəkməsə də, efirdən müğənnilər üçün də bürclərinə uyğun proqnozlar verir. Onu da deyim ki, məhz onun proqnozlarına görə yay mövsümü, Azərbaycan şou-biznes nümayəndələri üçün uğurlu və ən əsası qazanclı günlər kimi yaddaşlarına yazılacaq . Mən deyərdim ki, havaların isti və ya soyuq keçməsindən asılı olmayaraq əksər müğənnilərin psixoloji yardım almaqlarına ehtiyacları var. Ümumi götürsək isə, hər bir insanın şəxsi psixoloq və ya psixiatrı olmalıdır. Dünya ölkələrində hər bir ailənin şəxsi həkimi olsa da nədənsə bizdə bu vacib şərt Azərbaycan ailələrində normal hal kimi qiymətləndirilmir. Məncə istənilən ailənin həkim yardımına çox böyük ehtiyac var.

- Maraqlıdır, Lətafətin özü necə, nə vaxtsa psixoloji yardım alıbmı?

- Gizlətmirəm, vaxt olub ki, psixoloqa müraciət etmişəm. Adını da çəkə bilərəm, Elmir Əkbərin məsləhətlərindən faydalanmışam. Amma çox şükür ki, öz həyatımı özüm tənzimləyə bilirəm. Həyat devizim isə belədir, \"heç kimlə işim yoxdur, kimsənin də mənimlə işi olsun...\"

-Afrikada havalar necə keçdi?

-Oy, çox isti. Təsəvvür edin, gündüzlər +50 dərəcə isti, gecələr isə -5 dərəcə soyuq olurdu.

- Bilirik ki, çətin günləriniz oldu.

- Bəli, çox çətin idi. Yəqin ki, indi tamaşaçılar bunu görürlər. Amma ümumilikdə çox maraqlı keçdi. Sevinirəm ki, gedib oraları gördüm və belə bir layihədə özümü sınadım.

Bütün xəbərlər Facebook səhifəmizdə