"Mən kiminsə bəyənməyi üçün danışmıram" - ELŞAD MİRİ SƏRT CAVAB VERDİ

Bir neçə gündür "İnstagram" sosial şəbəkəsində influenser və dizayner Aynur Xəlilova (By_aynur__) ilə influenser Arzu Məmmədova (Arzu.ja) arasında qalmaqal yaşanıb. SİA xəbər verir ki, buna səbəb Aynur Xəlilovanın “Hərşeyşünas” verilişində tanınmış dinşünas və ilahiyyatçı Elşad Mirinin səsləndirdiyi fikirlər olub.

Belə ki, Aynur Xəlilova qonağına “Qaf surəsi 16-cı ayədə Tanrı deyir ki, mən insana şah damarından daha yaxınam. Bunu oxuyub analiz edə bilən insan niyə Tanrını müqəddəs torpaqlarda axtarır? Pulu olub Həcc ziyarətinə gedən insan pulu olmayandan daha müsəlman sayılır? Kəbənin başına dolanıb, şeytanı daşlamaq büdpərəstliyin bir əlaməti deyilmi? Ümumiyyətlə hamı Həccə getməlidir” suallarını ünvanlayıb.

E.Miri isə suallara bu cavabı verib: “Müqəddəs torpaq anlayışı varmı? Bu gün mənim vaxtilə işğalda olan torpağım müqəddəs idi? Yoxsa ərəblərin, vaxtilə Peyğəmbərin yaşadığı həmin ərazi müqəddəsdir? Bunun müqayisəsini apara bilərikmi? Məncə, heç bir zaman, çünki mənim üçün yaşadığım, çörəyini yediyim bölgəm, doğma olan yer daha dəyərlidir, nəinki digər yerlər. Digər yerlərə turist kimi və yaxud da başqa məqsədlər, ibrət və dərs çıxarmaq üçün gedə bilərəm. Quranda deyilir ki, yer üzünü seyr edin, gəzin, dolaşın. Orada qeyd edilir ki, sizdən əvvəlkilərin aqibətini görüb bilmək üçün, bir də yaradılışı öyrənmək üçün. Bu günləri bütün insanlarmı Həcc ziyarətinə getməlidir? Xeyr. Niyə Həccə getməlisən? Adam var illərdir qazanıb pul yığır. Bu adamın məqsədini anlayıram, amma yanlış yoldadır. Ora xərclənəcək pulla təhsilə yatırım etmək olar. Allah bizdən bunu istəyir?

İkinci bir məsələ. Həqiqətən orada Allah duaları daha çox qəbul edirsə, orada yaşayanlar kefdədir. İstədikləri vaxt dua etsinlər, qayıdan da görsünlər ki, həyətlərində maşın var. Bu, İslam ola bilməz. Məsələn, orada dua etdim ki, Paşinyanın istədiyi bütün müddəalar ləğv olundu. Bizim istədiyimiz bütün hər bir şeylə razılaşdı və sülh müqaviləsi bağlandı. Bu deyil axı. Bunun üçün illərdir ölkə başçısı, xarici işlər naziri işlər görür. Söhbətlər gedir. Nə də güzəştə getmək olar, ya olmaz. Bir dənə mənim ora gedib dua etməyimlə olacaqsa, o zaman 30 il əvvəl bütün günü Allahşükür Paşazadə deyirdi ki, biz orada dua edirik. Duanın nəticəsini isə ölkə başçısı əməli ilə, proseslərlə, dronlarla, şəhid olan canlarımızla bir arada girildi, torpaqlar işğaldan azad edildi. Yoxsa mən filan yerə getdim dua etdim. Dua etməklə onlar qorxub qaçacaq? Bizim problemimiz bundadır ki, düzgün analiz edə bilmirik. Daşa toxunmaqdan ötrü bir-birini əzənlər, qara daşı öpmək üçün bir-birinin üstünə çıxanlar var. Hətta mən də zərər çəkmişəm. Sənin dediyin şeytan anlayışı budur? Allah səndən bunu istəyir? Əlinə daşı al, şeytana at. Şeytan niyə məhz oradadır? Niyə Vaşinqtonda, NyuYorkda, Ermənistanda deyil ? Adi daş yığınağından ibarət bir yerdir. Sən bunu müqəddəstləşdirdikdən sonra problem yaranır. İndi şeytanı daşlamaq üçün yerlərin də sayını artırıblar”.

Arzu Məmmədova isə "İnstaqram"da Aynura şərh yazaraq ona irad bildirib: “Əgər verilişimə seçdiyim mövzu cəmiyyətdəki ən mübahisəli, ən həssas mövzudursa, sağlam və ədalətli müzakirə üçün eşitmək istədiklərimi yox, bu mövzudakı həqiqəti deyəcək birini qonaq çağırmaq olardı. Verəcəyim suallara alacağım həqiqi cavablara hazır deyiləmsə, ümumiyyətlə bu mövzunu seçməzdim”.

O, həmçinin, instaqramda “story” paylaşaraq bunları deyib: “Aparıcı verilişinə qonaq çağırıb, mövzu dindir, özü əks mövqedə çıxış edir. Qarşısındakı insan o deyil. Orada heç bir sağlam müzakirədən söhbət gedə bilməz. Baxdım, şok oldum. İstədim rəy yazım, sonra fikirləşdim ki, nə yaza bilərəm? Axı orada o insan olmamalıydı. Əgər sağlam və ədalətli müzakirə istəyirsinizsə… Əsəbimdən baxa bilmədim”.

SİA mövzu ilə bağlı Elşad Mirinin fikirlərini öyrənib. O, bildirib ki, həmin şəxs mənim fikirlərimin həqiqət olmadığını düşünürsə, deməli onun həqiqəti dediyinə inandığı başqası var. Bu zaman həmin xanım başqasının adını çəkməli idi. Yaxud da deyəcəyi həqiqət kimin həqiqətidir? Mənim dediyim yanlışları ortaya çıxarmaq lazım idi. Yoxsa hansı qonağı çağırıb-çağırmamaq kiminsə şəxsi işinə qarışmaqdır. Deyərlər ki, əgər elə fikrin varsa, sabah sən bu verlişə baxma, özün bir kanal al və sənin dediyin həqiqətləri çatdıracaq insanları həmin kanala dəvət et. Bu cür iddialarla sabah hər kəs ortalığa rahatlıqla çıxa bilər. Onun fikrinin doğru olmadığı düşüncəsindəyəm.

Mən Aynur xanımı ilk dəfə o verlişdə tanıdım. Bundan əvvəl onun Tahir İmanovla olan müsahibəsinə baxdım və həqiqətən maraqlı verliş olduğunu görüb qəbul etdim. Aynur xanım mənim müsahibələrimi izləyib və bu barədə çox məlumatlı idi. Məlumatlı insanın da bu cür maraqlı suallar verməsi başa düşüləndir. Aynur xanımın intellekt səviyyəsi verlişdə özünü biruzə verirdi. Bu səbəbdən ona təşəkkür edirəm. Mən kiminsə bəyənməyi üçün danışmıram. Məni qəbul edən də, etməyən də ola bilər. Bu təbiidir. Ona görə də mən müxtəlifliyi bizim zənginliyimiz olaraq qəbul edirəm. Yoxsa bir-birimizi başqalaşdırmaq və təhqir etmək kimi deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə