Monika Belluççi 60 yaşını qeyd edir - FOTOLAR

Bu gün məşhur italyan aktrisa - model Monika Belluççi 60 yaşını qeyd edir. SİA xəbər verir ki, Monika 1964-cü ildə İtaliyanın Citta di Castello şəhərində anadan olub.

O, məktəbi bitirdikdən sonra hüquq təhsili almağa başlayıb, lakin 18 yaşında bir model agentliyi ilə müqavilə bağlayaraq tez bir zamanda məşhurlaşıb. 90-cı illərin əvvəllərində artıq Monika İtaliyanın “Uşaqlarla həyat” televiziya filmində rol alıb.

Karyerası boyunca çoxsaylı mükafatlar qazanıb, kino və modanın ən ikonik simalarından birinə çevrilib.

20 yaşında italyan fotoqraf Klaudio Karlos Basso ilə evlənib, lakin onların evliliyi cəmi altı ay davam edib. 1996-cı ildə “Mənzil” filminin çəkiliş meydançasında fransız aktyor Vinsent Kassel ilə tanış olub. Cütlük 1999-cu ildə evlənib və iki qız övladı dünyaya gəlib: Deva və Leonie. İkili 14 illik evlilikdən sonra 2013-cü ildə boşanıb.

2022-ci ildə isə Monikanın rejissor Tim Burtonla sevgili olması ilə bağlı xəbərlər yayılıb.

Aktrisa müsahibələri zamanı bildirib ki, yoqa ilə məşğul olması və təmiz havada gəzməsi onun formada qalmasına kömək edir. Gənc və zərif qalmağının sirri Monikanın sağlam həyat tərzinə üstünlük verib ənənəvi pəhrizlərdən imtina etməsidir.

Monika indiyə qədər 80-dən çox filmdə rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə